BİR DAHA KİŞİLƏRİN ƏNƏNƏVİ GÖRÜŞ ƏDƏBİ HAQQINDA - Sədaqət KƏRİMOVA

YAZARLAR 14:06 / 19.09.2026 Baxış sayı: 513

 

Əziz dostlar! Dəfələrlə haqqında yazdığım məsələyə bir daha qayınmaq qərarına gəldim. Çünki xalqın mədəniyyəti yalnız onun dili, musiqisi, rəqsləri, geyimi və mərasimlərində deyil, gündəlik davranışlarında da özünü göstərir. İnsanların bir-biri ilə necə salamlaşması, böyüyə necə yaxınlaşması, əl uzatması və hal-əhval tutması ilk baxışda adi görünə bilər. Əslində isə bu davranışların arxasında böyük-kiçik münasibəti, qarşılıqlı hörmət, təmkin və abır-həya kimi mənəvi dəyərlər dayanır.

Qafqaz xalqlarının ənənəvi məişətində kişilərin görüş ədəbi də belə bir davranış mədəniyyətinin tərkib hissəsi olmuşdur. Görüş zamanı insan qarşısındakının yaşını, ictimai mövqeyini, qohumluq və tanışlıq dərəcəsini nəzərə alır, ona uyğun davranırdı. Kişilər qarşılaşarkən əvvəlcə salam verir, sonra əl tutub hal-əhval soruşurdular. Yaxın adamlar uzun ayrılıqdan sonra qucaqlaşa bilərdilər. Gündəlik görüşlərdə isə təmkin və ölçü əsas sayılırdı.

Ənənəvi görüş ədəb-ərkanında böyük-kiçik münasibəti xüsusi yer tuturdu. Kiçik böyüyə birinci salam verir, lakin əl uzatmaqda onu qabaqlamırdı. Ağsaqqal məclisə daxil olduqda gənclər ayağa qalxır, onunla görüşür və yer göstərirdilər. Yaşlı adam danışarkən sözünü kəsməmək, səsini yüksəltməmək, diqqətlə qulaq asmaq tərbiyə göstəricisi hesab olunurdu.

Kənd küçəsində, meydanda, kişilərin toplandığı məclisdə tanış adama salam vermədən yanından keçmək yaxşı qarşılanmırdı. Salamdan sonra ailənin, ev-eşiyin vəziyyəti soruşular, uzaq səfərdən gələn adamdan yolunun necə keçdiyi və yaxınlarının vəziyyəti öyrənilərdi. Beləliklə, salamlaşma sadəcə görüşün başlanğıcı deyil, insanların bir-birinə bağlılığını qoruyan gündəlik ünsiyyət vasitəsi idi.

Bu qaydalar uşaqlara ayrıca dərs kimi öyrədilmirdi. Oğlan uşaqları ata-babalarının, əmilərinin və kənd ağsaqqallarının davranışına baxaraq görüşməyi mənimsəyirdilər. Böyüyün qarşısında necə dayanmaq, necə salam vermək, nə vaxt danışmaq və nə vaxt susmaq ailədə və kənd mühitində canlı nümunə ilə öyrənilirdi. Beləcə, görüş ədəbi kitabdan deyil, həyatdan öyrənilir və nəsildən-nəslə ötürülürdü.

Küsülü insanların belə qarşılaşarkən salam verməsi mənəvi norma sayılırdı. İki insan arasında narazılıq ola bilərdi, lakin salamı kəsmək münasibətin pozulmasını açıq şəkildə nümayiş etdirmək kimi qəbul edilirdi. Salam vermək barışmaq demək deyildi; insanın öz tərbiyə sərhədini qoruması, şəxsi incikliyini ədəb qaydasından üstün tutmaması idi.

Bu gün nə dəyişib? Müxtəlif xalqlarla ünsiyyət, televiziya, internet, sosial şəbəkələr və şəhər həyatı bir çox yeni görüş formalarını gündəlik həyatımıza gətirib. Bu, təbii prosesdir. Lakin hər yeni davranışın mütləq qəbul edilməli olduğunu düşünmək düzgün deyil. Müasirlik öz mədəni yaddaşından uzaqlaşmaq demək deyil.

Son illərdə kişilərin görüşərkən bir-birini qucaqlaması, yanaqdan öpməsi kimi davranışlara daha tez-tez rast gəlirik. Burada söhbət başqa xalqların davranışına hörmətsizlik etməkdən getmir. Hər xalqın öz görüş mədəniyyəti var və ona hörmətlə yanaşmaq lazımdır. Məsələ başqalarının adətini pisləmək deyil, öz davranış mədəniyyətimizin sərhədlərini və mahiyyətini unutmayaraq yaşamaqdır.

Qafqaz kişisinin ənənəvi görüşündə səmimiyyət əl tutmaq, hal-əhval soruşmaq, uzun ayrılıqdan sonra isə qucaqlaşmaqla ifadə oluna bilərdi. Yaxın dostlar və qohumlar arasındakı qucaqlaşma da yad bir davranış deyildi. Lakin kişinin kişini öpməsi bizim tanıdığımız ənənəvi görüş formasına xas olmayıb. Məncə, öz mədəniyyətinə hörmət edən insan bu fərqi bilməlidir.

Ənənəvi Qafqaz məişətində səmimiyyət vardı, amma bu səmimiyyət hər zaman fiziki yaxınlıqla nümayiş etdirilmirdi. Ənənəvi davranış mədəniyyətində əsas məsələ nümayiş deyil, ölçü idi. Səmimiyyətlə nümayişkarlıq arasında sərhəd qorunurdu. Bəlkə də bu sərhəd bu gün ən çox düşünməli olduğumuz məsələlərdən biridir.

Xalqın mənəvi siması bəzən ən böyük mərasimlərdə deyil, iki insanın bir-biri ilə necə salamlaşmasında görünür. Ənənə də yalnız keçmişdən qalan xatirə deyil; mənasını itirmədən yaşadıldıqca gələcəyə ötürülən mənəvi mirasdır.