Payızı gözlə - Vahid Aslan
Dərənin qaşında payızı gözlə,
Yanına dönməyim ümidin olsun!
Payız gözlərini hamıdan gizlə,
Qoyma ki, sonuncu yarpaq tək solsun!
Məktəbdən gələndə bir payız günü,
Dərənin qaşında görmüşdüm səni.
Bir yarpaq budaqdan qopub, özünü
Dərəyə atanda qorxutdu məni.
Üfiqdə günəşin çöhrəsi sarı,
Sarı don var idi əynində sənin.
Gözlərimə çəkdim, qəlbimə əkdim,
Payızın bir sarı günündə səni.
Mən payız kimiyəm, bir azca sarı,..
Bir az da kədərdən bəhəri ilə;
Yox, əgər gördünkü çox darıxırsan,
Dərənin qaşında payızı gözlə.
25.09.2024