Sevinc Qərib- HARDASAN, AY İNSAFSIZ?!
Gecə yorğanını çəkir başına,
yumulur gözləri ulduzların da.
Ovxalayıb xumarlanan gözünü,
sərilib gecənin ətəklərinə ,
ay da atır başını astaca balışına.
Görünmür yarasalar,
ilbizlər də susublar.
Görünən tək gecədi
qaranlığın içində,
yuxunun səsi gəlir
yorğun fikir köçündən.
Şəhər sükut oxuyur,
səssizlik pıçıldayır...
Dənizin mışıltısı
sahilə layla çalır,
qumlar səsini udub,
içində xırçıldayır.
Yer göyü sərib üstünə,
göy Tanrının əllərin...
Yuxudadı el-aləm,
oyaq olan bir mənəm,
yolunu gözləyirəm...
Bir cüt qara nəmli göz,
boylanır pəncərədən.
Boylanır qaranlığa,
boylanır yoxluğuna...
hardasan, ay insafsız?!