Zəlimxan Yaqub - Ay Məmməd Aslan.

Ədəbiyyat 09:10 / 22.09.2026 Baxış sayı: 208

Ölüb o yerlərdə qalam deyirdim,

Kaş, onda öləydim, ay Məmməd Aslan.

Ağdaban kəndində keçən ömrümü

Şəmşirlə böləydim, ay Məmməd Aslan.

 

Sirdaşı olaydım dumanın, çənin,

Yarpağın, torpağın, sünbülün, dənin.

Kövrəlib dolanda, Güllü nənənin

Göz yaşın siləydim, ay Məmməd Aslan.

 

Minib Taxtadüzün köhlən atına,

Uçaydım göylərin yeddi qatına.

Bal qatıb Qəmbərin zarafatına,

Danışıb-güləydim, ay Məmməd Aslan.

 

Qoşa dillənəydi qələm sazımla,

Baş-başa verəydi aləm sazımla,

Fərhad külüngümlə, Kərəm sazımla,

Dağları dələydim, ay Məmməd Aslan.

 

Bu dərdi düşünən baş qalmayacaq,

Quruyan gözlərdə yaş qalmayacaq,

Nə bilim daş üstə daş qalmayacaq,

Mən hardan biləydim, ay Məmməd Aslan.

 

Bilirəm, küskünsən sən də dünyaya,

Gör nə zülüm verir bəndə dünyaya.

Kəlbəcər qayıda, mən də dünyaya

Yenidən gələydim, ay Məmməd Aslan.