Ramiz Qusarçaylı - Güldürür

Ədəbiyyat 12:48 / 28.03.2026 Baxış sayı: 465

 

İki üstəgəl iki,

Cəm adamı güldürür.

Yaltağın gözündəki

Nəm adamı güldürür.

Ər umma hər oğuldan,

Cəng göyərmir nağıldan,

Ağıl verir ağıldan

Kəm, - adamı güldürür.

Söz sinəsi dağlıdı,

Yazı göyə bağlıdı,

Həm adamı ağladır

Həm adamı güldürür.

Bədəndə ruh, ruhda qəm,

Gülüşdə ah, ahda qəm,

Nökərdə kef, şahda qəm

Qəm adamı güldürür.