Ağacəfər Həsənli - ƏLİNİN PAPAĞI, VƏLİNİN BAŞI

Ədəbiyyat 13:12 / 28.03.2026 Baxış sayı: 495

 

Əli papağını Vəliyə qıymır,

bu dünya heç vaxt

Əlinin papağını Vəlinin başına qoymur.

Məsələn, armudu armud gətirir–

yetişmişi ayının qisməti.

Gül-çiçəyin ətriyyatı

arının qisməti...

Ağzının suyu axır Arazın,

saralır həsrətimin payızı.

Heyva qoxusunu iyləyənəcən.

İnnabacan, iydəyəcən,

meyvə ağacları çoxuşaqlı anadır–

ancaq meyvələri altı aylıqdı.

Tab gətirmir, budağından sürüşür,

ayağı sürüşkən torpağın malı,

ağacdakı yəqin Adəm oğlunun.

Öz-özünə göydən üç alma düşür–

dilinin altına qoysan, əriyir,

ağlağan uşağa qıysan, kiriyir.

Əlinin papağı Vəlinin başına böyükdür,

papaqçı Urşanın oğlundan soruş:

əzəl gündən əcəl çıxıb yadımdan,

illər hamilədir yağıntılardan.

İstəsən də, istəməsən də,

bu yerdə başımı necə qaşıyım?

Əlinin papağı Vəlinin başına olmur,

qorxunu-hürkünü bahar aldırır,

adına şimşəkdən düzür min naxış.

Lalələr qırmızı qədəh qaldırır,

içir sağlığına yüz qram yağış.

Balıq girmir əzrayılın toruna,

nə gəlib ki, balıqçının toruna?

Əl uzatmır pendirinə, şoruna,

motal iyi gəlir zirzəmisindən.

Əli də, Vəli də,

xırman vəli də.

Lap şeytan feli də,

arşın malı da–

ocağın külü də açara möhtac!

Sulara ölüm yaraşır,

ha fəvvarə vursun sonra torpaqdan.

Bu dünya hər adda hikmət yaradır:

Əlinin papağı Vəliyə qismət,

Vəlinin papağı Əliyə peşkəş.

Dünyadan pay düşmür dəliyə ismət,

utancağın oğlu olmur anadan.

Ağıllı başını qaldıranacan,

dəli vurub çayı keçir binədən.

Reels