Əşrəf Veysəlli - KÖNLÜM DÜŞÜB BİR ALOVA…

Ədəbiyyat 09:47 / 28.03.2026 Baxış sayı: 456

 

Könlüm düşüb bir alova, bir oda

Aça bilir nə qohuma, nə yada.

Mən ölmərəm, yüz yaşaram dünyada,

Canım olsa o gözəlin fədası.

 

Gözüm onu hey axtarıır hələ də,

Bəxtim vura- indi birdən gələ də.

Yollar boyu çiçəyə də, gülə də

Keçib onun naz- qəmzəsi, ədası.

 

Günəş kimi nur tökülər üzündən,

Danışdırsam dür tökülər sözündən.

Gözlərimə od yağdırar gözündən,

Qulağımda donub qalar sədası.

 

Heç bilmirəm nə demişəm,- xoşlanıb,

Ürəyimdə bir toy- düyün başlanıb.

Kirpikləri düz sinəmə tuşlanıb,

Axır bir gün xətası var, xətası.

 

Gülüb baxsa alışaram, yanaram,

Küsüb getsə soyuğundan donaram.

Qara rəngdə səadətdir,- sanaram

Şəvə kimi tellərinin butası.

 

Hissim, duyğum, canım, gözüm onundur,

Ürəyimdə varsa dözüm,- onundur.

Zərif şerim, zərif sözüm onundur,

Zəif şerim özümündür, qadası.

 

Görən varmı gözəllərin mərdini,

Onlar əymiş aşiqlərin qəddini.

Qohumunun, qonşusunun dərdini

Mən alardım, əgər olsa satası.

 

Bir söz desə bütün aləm şurlanar,

Yeridikcə yollar da qürurlanar.

Gözlərimə gəlsə gözüm nurlanar

O gözəlin gözlərinin qadası.

 

Baxışımda bir həsrətin buludu,

Məcnun könlüm məhəbbətin quludur.

Varlığıma o qız salıb bu odu,

Gözləyir ki, kimsə atar oda su.

 

Kül olmuram, hey yanırır, hey yaxır,

Nə əl çəkir, nə də yaxın buraxır.

Ömür dağdır, mən enirəm, o qalxır,

Əlim çətin çatasıdır, çatası.

 

Nə eybi var, həsrətində, a zalım,

Gecə, gündüz mən əriyim, azalım.

Dünya— görüş dənizidir, məzarım

O dənizdə olar hicran adası.

 

O tər gülün, o nəğməli dodağın

Vüsalına nə uzağam, nə yaxın.

Xoşbəxtəm ki, o gəzdiyi torpağın

Mən qoynunda yatasıyam, yatası.

1967-‘ ci il.