Qəşəm Nəcəfzadə - İt kapellası

Ədəbiyyat 09:44 / 29.10.2026 Baxış sayı: 362

 

Bu daş döşəməyə cavab olaraq,

Yavaşca, yumuşaq, isti ulamaq.

Üzünü ağaca, divara sürtüb,

Qara zəncir üçün pəsdən ulamaq.

 

Gecələr asfaltın üstündə yatıb,

Maşın təkərinin dadın yalamaq.

Gündüzlər insanın əlindən qacıb,

Gecələr bir insan üçün ulamaq.

 

Qar üstə yazılan ayaq üzinə,

Qəfildən çevrilib yenidən baxmaq.

Yığıb ləpirini gedə bilməsən,

Hər izə bir damla göz yaşı axmaq.

Haydı, izlərinlə çoxalt özünü,

Ləpiri düyünlə, uc – uca, gəlsin.

Küçənin başında uladın, yüyür,

Öz səsin yad kimi arxanca gəlsin.

Başını göydəki xəyalına çırp,

Ayın yoxluğuna bir ağız ula.

Səfərə çıxacaq bu maşın tezdən,

Onun arxasını bir azca sula.

Başı ağrıyanda itlər ot yeyir,

Anam söyləmişdi, gəlir yadıma.

Qarı eşələyib it elə yeyir,

Qara torpaq düşüb bəlkə yadına.

Metro qapısının ağzında yatıb,

Bir adam yoxdu ki, üstündən keçə.

Gündüz adamları qovan bankomat,

Indi adam üçün darıxır necə?

Yüyürür, dayanır ulayır, hürür,

Gündüzlər harada yaşayır bu it?

Bu axşam şəhəri alıb başına,

Deyəsən sabaha daşıyır bu it.