Nazim    Əhmədli - Dünya bir çöpün üstəd

Ədəbiyyat 22:14 / 28.10.2026 Baxış sayı: 408

 

Yenə soyuqlar qayıdır,

buludlardan külək gəlir;

ürəyim qubarnan dolub,

qanadıma lələk gəlir;

yanıb qaralar bir azdan,

ocaqlar külün üstündə;

ağaclar yaman üşüyür,

yarpaqlar ölüm üstündə;

Günəş harda gecələyir,

batan sular hardan çıxır;

sən üzümə xöş baxanda,

könlüm intizardan çıxır;

deyirlər, dünya beş gündü,

hər günə bir naxış düşür;

istəyirəm yola çıxam,

yollarıma yağış düşür;

biz sevirik, sevilirik,

bir həsrətin sınağıyıq;

dünya bizim dostumuzdu,

biz də onun qonağıyıq;

zaman qovur, biz qaçırıq,

arzu-istək qucaq-qucaq;

dünya bir çöpün üstədi,

toxunsan, düşüb sınacaq.

28.10. 2023