AY Bəniz Əliyar-  Sıxmışam üzümü ovcuma yenə

Ədəbiyyat 17:36 / 28.10.2026 Baxış sayı: 477

Sıxmışam üzümü ovcuma yenə,

Bu Payız gözümdən yağışlar yağır.

Qalmışam illərlə tamarzı sənə,

Həsrətinin yükü dünyadan ağır.

 

San ki, ikimizik, başqası yoxdur,

İnsan bir-birinə necə yad gələr?

Sənin uzaqlığın elə soyuqdur,

İçində bu şəhər üşüyə bilər.

 

Hardayam, necəyəm, yoxdur xəbərin,

Niyə sənə yaxın ola bilmirəm?

Köhnəlir yadımda xatirələrin,

Üstünün tozunu ala bilmirəm.