Vətənini   canından artıq sevən Elgiz

YAZARLAR 12:19 / 28.10.2026 Baxış sayı: 713

 

İkinci Qarabağ müharibəsində Elgiz Fuad oğlu Abbaslı ömrünün 22-ci ilində  Vətən və millət yolunda  canından keçib. Sabirabad rayonunun Cavad kəndində anadan olanElgizin yaşının   çərçivəsinə sığmayan  bu qəhrəmanlığı  Azərbaycanın tarixində əbədi olaraq ona yer edib. O, hər qarışına vurğun olduğu Azərbaycan üçün yaşadı, elə zaman-zaman adı Azərbaycanla birgə çəkilər.  Gələn nəsillər də onun keçdiyi qısa, amma olduqca şərəfli həyat yolunu özlərinə örnək biləcəklər.

Vətəni sevməyi, torpağı necə qorumağı bizə öyrədən, halal bir ocağın yetirməsi olan  Elgiz  Abbaslı Sabirabad şəhərində Nəriman Nərimanov adına 2 saylışəhər tam orta məktəbində təhsil alıb.  Müstəqil həyata qədəm qoyanda köksünün altında  adına can dediyi doğma Azərbaycana, xalqına sevgi dolu bir ürək çırpınıb. Eləcə iki bacının bir qardaşı  olan  Elgizin  torpağına,  yurda bağlılığı, yüksək mədəniyyəti, əxlaqı el-obada ona əsl övlad məhəbbəti, dərin ehtiram  gətirib.

Erməni dığaların işğalçılıq siyasətini heç cür vicdanına sığışdıra bilməyən Elgiz  orta məktəbdən sonra, yəni  2016-ci  ildə  cəbhə bölgəsində  hərbi xidmətə başlayıb. Topçu vəzifəsində  Vətəni göz-bəbəyi kimi qoruyub,  hər an yağıdan qisas almaq üçün döyüşə hazır olub. Komandirlərin tapşırıqlarını vaxtında, layiqincə yerinə yetirən, vacib təlimlərdə döyüş bacarığı ilə fərqlənən, hərbi hissədə hamının hörmətini qazanan  nümunəvi əsgər Elgiz yoldaşlarına deyib ki,  torpaq igid oğulların çiynində Vətən olur. Erməni dığalarına əsir düşəm əzəli yurd yerimiz Qarabağ  həsrətlə öz ərənlərin yolunu gözləyir. Onu yağı tapdağından azad etmək bizim borcumuzdur. Müharibə olsa, mən birincilər sırasında gedərəm.   Yağıya qarşı son damla qanıma qədər  qeyrətlə, kişi kimi vuruşaram.  Təki Vətən yaşın, xalqın gələcəyi  yaxşı olsun.   Elgizin böyük inamla, qətiyyətlə söylədiyi bu fikirlər həm də  əsgər yoldaşlarının  ürəyində Vətənə məhəbbət, cəsurluq,  düşmənə nifrət hisslərini alovlandırıb. 

Hərbi xidmətdən sonra Elgiz Sabirabada  qayıdıb. Ailəsinə kömək etmək məqsədilə  rayon mərkəzində fəaliyyət göstərən böyük mağazalardan birində işə düzəlib. Günləri nə qədər xoş keçsə də, Vətənin dar günündə   yerini  cəbhə bölgəsində görüb. Təcrübəli topçu kimi  dığalara qan qusdurmağa məqam gözləyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan  Vətən müharibəsində Elgiz Abbaslı  ilk gündən düşmənə sarsıdıcı zərbələr endirib, qeyri-bərabər vuruşlardan zəfərlə çıxıb. Onun döyüş yolu Füzuli istiqamətindən başlanıb, girdiyi ağır müharibə meydanlarında göstərdiyi hünər, fədakarlıq yalnız böyük qələbəmizdən xəbər verib. Qartal kimi düşmən üstünə şığımaqla bərabər, həm də  ağır məqamlarda  döyüş yoldaşlarının  həyatını xilas etməklə yadda qalıb.

Ordumuzun Cəbrayıl istiqamətində hərəkət zamanı içərisində hərbi qulluqçular olduğu  iki zirehli  maşın pusquya düşüb. Düşmən atəşi nəticəsində  maşınlardan biri vurulub. Yaralı döyüş yoldaşlarına kömək etmək üçün ilik irəli atılan Elgiz olub. Əvvəlcə iki hərbiçini təhlükəli ərazidən çıxardıb. Lakin növbəti yaralıya yaxınlaşdığı zaman mərmi partlayışı  nəticəsində ağır yaralanıb. 8 oktyabr  2020-ci ildə şəhid olub. Beləcə, Vətəni canından artıq sevən, onun azadlığı uğrunda qana susamış düşməni qanda boğmaqla ürəklərdə özünə əbədi yer edən Elgiz Abbaslı dövlət tərəfində də ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın, Qubadlının  azadlığına görə medalları ilə təltif olunub.

Bəli, qəhrəman Vətən sevdalısı  Elgizin adı yalnız  doğulduğu Cavad kəndində, ailəsinin yaddaşında  deyil,  bütün  Azərbaycan  xalqının  xatirəsində daim yaşayacaq.

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü