Təranə Məmməd - Ümid məktubu
Əvvəllər yatmağı çox sevirdim. Saat 9 olan kimi pambıq kimi yumşaq Ququnu qucaqlayıb yatırdım. Ququ mənim oyuncağımdır. Onun 4 yaşı var, mənimsə 6.
Ququ Çüçüylə yaşıtdı. Çüçü mənim kiçik baçımdır. Adı Çəmilədir. Mən ona Çüçü deyirəm. Çüçü hər dəfə Ququnu məndən almaq istəyir. Mən vermirəm. Axı onu atam mənə alıb. O, mənim oyuncağımdır.
Atam mənə yazmağı və oxumağı öyrədib. Hazırlığa gedəndə müəllimlər dedilər ki, əlaçı ola bilərəm.
Mən əvvəllər maraqlı yuxular görürdüm. Çox vaxt özümü yuxuda "super adam", ya da "hörümçək adam" kimi görürdüm. Bilirsiz niyə? Çünki hər gecə atam mənə bir maraqlı əhvalat danışırdı. Onun əhvalatlarının qəhrəmanı kiçik və hamıdan güclü oğlan olurdu. Mən də yuxuda həmin o qəhrəman oğlana çevrilirdim.
İndi yatmağı heç sevmirəm. İndi mən heç nəyi sevmirəm. Atam daha məni öpüb "gecən xeyrə" demir, anam daha gülümsəmir. Çüçü də bütün gün ağlayır. Nənəm də çəkilib öz otağına nəsə danışır, sonra ağlayır.
Gecələri heç sevmirəm. Mənə elə gəlir ki, bütün pis hadisələr gecələr baş verir, qaranlıqda.
Atamı gecə çağırdılar. Nənəm dedi ki, müharibə başladı.
Babam sağ olsaydı, o da müharibəyə gedəcəydi. O, bir dəfə müharibəyə gedibmiş. Nənəm deyir ki, biz hələ olmayanda müharibə olub. Babam da vuruşub, amma bizimkilər ermənilərə qalib gələ bilməyiblər o zaman. Mən heç erməni görməmişəm. Ancaq bilirəm ki, ermənilər bizim düşmənlərimizdir. Xalamın qonşusu Xocalıdan danışanda eşitmişdim. Deyirdi ki, ermənilər uşaqları orda öldürürdülər. Mənim atamı da ermənilər müharibədə öldürüb.
Mənə indi şəhid oğlu deyirlər. Çünki atam şəhiddi. Müəlliməm deyir ki, şəhidlər ölmürlər. Ancaq mən bilirəm ki, atam ölməsəydi, mütləq evə gələrdi. O, bizi heç tək qoyardı? Özü də, Yeni il gecəsi.
Keçən il Şaxta Babaya məktub yazmışdım. Çüçü yaza bilmir, onun əvəzinə də mən yazmışdım. Cücü gəlincik istəmişdi Şaxta Babadan.
Nənəm Qarabağı istəmişdi, anam bizim sağ-salamat olmağımızı, atam isə heç nə istəməmişdi. Bilirəm niyə. Çünki bütün hədiyyələri o özü alırdı axı. Mən bunu bilirdim, amma özümü elə göstərirdim ki, güya bilmirəm.
Bu il atam yoxdur.
Amma anam deyir ki, sizə mütləq bayram edəcəm. Atanın ruhu da şad olar onda. Görəsən ruhu şad olmaq nədir? Nənəm də deyir ki, oğlum göydən baxır bizə. Necə baxır görəsən? Mən hər gün göyə baxıram. Atamı axtarıram, amma görmürəm. Yəqin, o məni görür. Çüçü də atam üçün darıxır, amma heç nə demir.
Ehh....Kaş, mən böyük olaydım. Atamı əvəz edə biləydim. Anama, nənəmə bir də Çüçüyə bayram günü hədiyyə ala biləydim.
Nənəm deyir ki, bayramımız qara gəldi bu il. Heç bilmirdim ki, bayramın rəngi olur. Görəsən niyə qara deyir nənəm bu ilki bayrama?
Atamı rayonumuza əsgərlər gətirdilər. O qədər adam var idi ki. Xalam bir əliylə Cücünün, o biri əliylə də mənim əllərimdən bərk yapışmışdı. Hamı ağlayırdı. Kişilər də. Tabutunun üstünə Azərbaycan bayrağı sərmişdilər. Mən Çüçünü qucaqladım ki, o ağlamasın, amma özüm ağladım.
40 gün evimizdə matəm oldu. Amma 40 gündən sonra da heç nə dəyişmədi. Mən elə bilirdim ki, 40 gündən sonra yaxşı olacaq hər şey. Amma olmadı. Mən şəhid oğlu olmaq istəmirəm. İstəyirəm atam qayıtsin. Rayonumuzda çox uşaq atasızdır indi. Əmim deyir ki, 2783 nəfər adam həlak olub müharibədə. Onlar hamısı şəhiddir.
Anam deyir ki, şəhidlər canını verib Qarabağı alıblar. Prezidentimiz hər dəfə" Qarabağ Azərbaycandır!" dedikdə, mən də, Çüçü də təkrar edirik: "Qarabağ Azərbaycandır!"
Yeni ilə lap az qalıb. Ancaq anam hələ yolka qurmayıb bizə. Nənəm də susur. Yəqin ki, bu il evimizdə bayram olmayacaq.
Çüçü çoxdan yatıb. Anam elə bilir ki, mən də yatmışam. Amma mən yatmamışam. Atama məktub yazacam. İçində işıq yanan qələmim var. Onunla yazacam ki, Çüçü oyanmasın.
Xəttim yaxşı deyil. Bəzi hərfləri çox pis yazıram. Amma atam başa düşəcək, bilirəm.
"Ata, səninçün çox darıxıram. Çüçü də darıxır. Deyirlər ki, sən ölməmisən. Şəhid olmusan. Əgər elədirsə, bircə dəfə gəl evimizə, noolar! Çox saxlamaram səni. Bir dəfə səni qucaqlayım. Sən də mənim başımı sığalla, "ağıllı oğlum" de! Noolar, ata!
Nənəm deyir ki, sən Qarabağı almısan. Ay ata, Qarabağı ala bilirsən, amma evə, bizi görməyə gələ bilmirsən? Ata, sən həmişə Yeni ildə bizə hədiyyə alardın. Mənə heç nə alma! Mən daha heç nə istəmirəm. Özün gəl, noolar!
Ata, səni çox sevirəm!
Ata, bilmirəm necə edim ki, Çüçü Yeni ildə hədiyyəsiz qalmasın.
Bəlkə, Ququnu ona bağışlayım?!
Qoy heç olmasa, o sevinsin.
Ata, bax, bu məktubu qoyacam balışımın altına. Əgər sən həqiqətən ölməmisənsə, gəlib bu məktubu götürəcəksən!"
Səhər gözlərimi açan kimi əlimi balışımın altına aparıb məktubu axtardım. Məktub orda yox idi!
Mən "Ana!” - deyə bərkdən qışqırdım.
Anam gəlib məni bərk-bərk qucaqladı və "Nə oldu, oğlum? Niyə belə qışqırdın? - deyə soruşdu.
- Ana! Atam ölməyib! O, sağdır! O, gecə gəlib mənim məktubumu aparıb! İndi bilirəm ki, atam sadəcə ölməzliyə qovuşub, şəhid olub!
- Əlbəttə, ölməyib, mənim balam! O, sənin məktubunu mütləq oxuyub, - deyə anam ağlaya-ağlaya mənim üzümdən öpdü.
Bayram etməməyimizə görə heyifslənmirəm. Çüçünün artıq hədiyyəsi var. Ququnu ona verəcəm. Mən oyuncaqsız da keçinərəm. Əsas odur ki, atamın ölməzliyinə inandım!
P.S. Ana gecə uşaqlarının üstünü örtərkən oğlunun başının altıdakı məktubu götürüb oxumuşdu.
O, məktubu gizlədib xeyli ağlayıb, ürəyində: "İlahi, sən özün şəhid balalarına kömək ol! - demişdi.