Əbədiyyət ömürlü Bəhruz

YAZARLAR 10:48 / 27.10.2026 Baxış sayı: 179

 

Əzəl gündən işğalçı erməni dığalarla  barışmaz mövqeyi   1997-ci ildə Sabirabad rayonunun Balakənd  kəndində  dünyaya göz açan Bəhruz Səttar oğlu Əhmədovun  Vətənə sonsuz sədaqətindən , doğma torpağa məhəbbətindən irəli gəlirdi.  Odur ki ,44 günlük haqq savaşımız başlanan kimi Bəhruz könüllü olaraq, 30 il düşmənə əsir düşən  Qarabağımızın azadlığı uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə döyüş  meydanına atılıb. Qeyrət, namus rəmzi bildiyi Azərbaycanın müqəddəsliyinə tapınaraq son nəfəsinə qədər yağıya qan qusdurub.  Özü şəhid olsa da, adı  əbədi olaraq xalqın yaddaşına  qəhrəmanlığın, Vətən sevgisinin   simvolu  kimi yazılıb.

 Vətən sevgisi ilə boya-başa çatan  Bəhruz Əhmədov orta məktəbi bitirib Sabirabad rayon Peşə Liseyində oxuyub. Xalqın sevincini, ağrı-acısını, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran gənc  2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, Tovuzda Vətənin keşiyində durub. Yüksək peşə hazırlığı, mərdliyi, dosta sədaqəti, verilən tapşırıqları düzgün, vaxtında yerinə yetirməsi onu əsgər və zabitlərin sevimlisi edib.  Çox keçmir ki, hərbi xidmət onun üçün həyat və kişilik məktəbinə çevrilib.  Uşaqlıqdan idmana olan həvəsi Bəhruzu  daha mətin, qürurlu göstərib. Qatıldığı təlimlər zamanı ən ağır sınaqlardan uğurla çıxmaqda həm də, idmana göstərdiyi maraq onun köməyinə gəlib. Mükəmməl idmançı olaraq dəfələrlə rastına çıxan  dığalara  öz yerini göstərə bilib. Məqamı gələndə döyüş meydanında yağıya qalib gəlmək məqsədilə böyük  səylə hərbi biliklərə yiyələnib, silahların sirlərini öyrənib.

Əsgəri xidməti üzüağ başa vuran Bəhruz 2017-ci ildə evə qayıdıb və idmanlı günlərini davam edib. Vətənini düşünməklə, düşməndən alacağı qisas gününü gözləyib. İdmanda öz üzərində ciddi çalışmaqla  sevindirici  uğurlar qazanıb. Müxtəlif  çəki dərəcələri üzrə Respublika  çempionatlarında iştirak edib, diplomlara layiq görülüb. Qaydasız döyüş növü üzrə  yaxşı idmançı kimi tanınıb. Eləcə  idmana həvəsi olan uşaqlara  bu qədim döyüş növünün sirlərini öyrədib. Bəhruz 2019-cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika  çempionatında birinci yeri tutmaqla “qara kəmər” ustası adını alıb. Hər nə edibsə, qoynunda  göz açdığı torpağı  qürurla dünyaya göstərmək naminə olub.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda  Bəhruz   döyüşə yollanıb. O, ilik dəfə Füzuli istiqamətində düşmənə zərbə vurub. Nəticədə dığalar ağır itki verərək,  geri çəkilib. Daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı  uğrunda  döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşmən çətin vəziyyətə  düşüb, silah-sursatını və digər hərbi vasitələrini atıb, geri çəkilməyə məcbur olub.  Həmçinin Bəhruz neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb.

Oktyabrın  19-u qəhrəman Vətən sevdalısı  növbəti və son şücaətini göstərib. Yaralı döyüş yoldaşının silahını götürərək təkbaşına  ölüm-dirim savaşına girib.  Və düşmənin xeyli qüvvəsini məhv edib. Bu vaxt özü də snayper  gülləsinə tuş gəlib. Doğulduğu Balakənd  kəndində  canından artıq sevdiyi  torpağın sinəsinə  baş qoyan  Bəhruz Əhmədov  ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının  azadlığına görə  medalları ilə təltif olunub.

Bəli, Bəhruz canını Vətənə qurban verdiyi üçün ürəklərdə  yaşamaqla  ömür yolu qərinələrə  bərabərdir.

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 







..