Nurafiz şeirinin işığı - Əbülfət MƏDƏTOĞLU yazır

YAZARLAR 11:20 / 26.10.2026 Baxış sayı: 830

O işığı görmək üçün zəruri tələbat

 

Hər yeni kitabı, hər təzə sözü ruhumun qapısından, ürəyimin köynəyindən keçirəndən sonra bir müddət özümə  gələ bilmirəm. Qalıram o təzə sözün, yeni kitabın içində. Bəzən bir gün, bəzən aylarla... Ta o vaxta qədər ki, o təzə sözün, o yeni kitabın nöqtə- vergülünə qədər varlığıma hopduğunu hiss edim. Elə ki, hiss  etdim, bax onda rahatlanıram. Hətta  bir az özümü o sözə, o kitaba borclu da sayıram. Bu borc  gözlə görülməyən, əllə qaytarılmayan, cibdə gəzdirilməyən, banka qoyulmayan borcdur. Bu elə bir borcdur ki, etiraf olunmalıdır, səslənməlidir, yazılmalıdır...

Təqribən 20-25 günün söhbətidir, Nurafizlə ayaqüstü görüşdük. Özü də Bəhram Gurun heykəlinin yanında. Üzümüzə Bəhram  Gurun çapdığı qayadan su da çiləndi. Mən də öz-özümə düşündüm ki, su aydınlıq olsa da, bu görüşümüz  təkcə aydınlıq deyil, həm də bir ruh rahatlığıdır, bir ürək bölüşməkdir, xeyli vaxtdır ki, görmədiyim dostumun üzbəüz nəfəsini duymaqdır. Özü də bu mübarək nəfəslə birlikdə onun sorağını aldığım "Sözlə səs arası" adlı yeni kitabının həyatıma, evimə, kitabxanama qonaq gəlməsi deməkdir. Çünki öncədən ondan bu kitabı  istəmişdim. Və...

Ayaqüstü söhbətimizin sonunda  qardaşım  Nurafiz  bir cümləlik avtoqrafla kitabı mənə bağışladı.  Özü də yazdığı kimi könül hədiyyəsi idi.  Deməli, dəyəri də, həyatımdakı yeri də artıq həmin o "könül hədiyyəsi" sözü ilə təsdiqlənmişdir. O gündən bu kitabı başladım oxumağa.  Düzünü deyəcəm, yaradıcılığına yaxşı bələd olduğum  Nurafiz bu kitabında mənə xeyli surprizlər etdi. Xüsusilə, unudulan, yaxud az-az işlədilən sözlərimiz  onun qələmində o qədər biçimli, o qədər təravətli idi ki, adam bu sözlərin  özündə ehtiva etdiyi mənalara heyran qalmaya bilmirdi. Təbii ki, bu məqamlarda  nostalji hisslər də özünü büruzə verirdi. Yaddaş silkələnir, ələnir və hiss edirsən ki, 20-30 il bundan öncə kəndində-kəsəyində işlədilən bu sözlər təkcə o zamanın deyil, elə bu günün də sözü imiş. Təəssüf ki, biz ya unutmuşuq, ya da o sözlər üçün darıxmamışıq. Amma  Nurafizin darıxmağa vaxtı olub və darıxıb. Özü də şipşirin, həm də pıçıltıya bənzər  səslə etiraf edib:

Baxışın səndələdi,
Səsin yenə dəyişdi.
Dolxusundu gözlərin,
Yanaqların höyüşdü.

Sən çəkdiyin "ah"kı var,
Gördüm döşə gələndi.
Bu havaya oynadım,
İçim üşürgələndi.

Darıxmağa  vaxtmı  var,
Can ağrıya boyandı.
Ha  çalışdım qaçmağa,
Vaxt içimdə dayandı.

Bəli, həqiqətən bu şeiri oxuyanda   daxili bir fikir ələmək keçdi içimdən. Ələdikcə razılaşdım şair qardaşımla. Gördüm ki, təkcə bu şeiri oxuduğum zaman kəsiyində darıxmağa zamanım oldu. Özü də məhz müəllif üçün darıxmağa... Onunla fikir bölüşmək üçün darıxdım. 

Deməli söz ünvanına çatanda, fikir oxucunu kobud desəm, dürtmələyəndə onda bilirsən ki, hələ hər şeyin sonu deyil. Hətta pas tutsa da, qapı-pəncərə bağlansa da ovxarlanmaq - səsini çıxartmaq, sözünü demək, necə dəyərlər, qığılcımı alov etmək mümkündür. Doğrudur, şair dostum məni bir az da düşündürən “Paslı tüfəng kimiyəm"  şeirində deyir ki:

Yoxluğun qonaq gəldi,
Qayğım aşdı başımdan.
Tez-tələsik ev tikdim,
İpisti göz yaşımdan.

Xəyalım su üstünə,
Çəkildi Qu şəklitək.
Ha çalışdım tutmağa,
Suları qovdu külək.
Paslı tüfəng kimiyəm,
Səsim - nəm çəkmiş barıt.
Tanrım, yolçuyam, məni
Bu son uğurdan yarıt.

Yəqin ki, şeiri oxuyanda siz də  müəyyən  fikir axarını  süzgəcdən keçirdiniz. Hansı nəticəyə gəldiyinizi bilməsəm də,  mən darıxmağa vaxtı olan şairin  paslı tüfəng olmasına inanmadım. Çünki bu tüfəngin səsi nəm çəkmiş barıtın özünü də alışdırmaq gücündədir. Elə ona görə də o, üstüörtülü şəkildə sözün alt qatında paslı tüfəng olsa da, hətta son döyüşdə də uğur qazanacağına əminliyini bizə çatdırır. Bu daxili inam  təkcə  Nurafizin özü üçün yox, həm də oxucusu üçün müsbət auranın formalaşmasına hesablanıb. Deməli, şair dostum sözün hər iki başının bir qibləyə kəsildiyini ustalıqla dilə gətiribdir. Hətta o,  şeirlərinin birində  könlünün dərd yiyəsi olduğunu bəyan edəndə də həmin o qətiyyəti, o daxili inamı səndələməyə qoymur.  Yazır ki:

A könlümün dərd yiyəsi,
Ölümmü səndən ötəri?!
Desinlər ki, ağlı çaşıb,
Qoy mənə dəysin xətəri.

Qırx ildi şəhərli olub,
Çaşıbdı bu kənd uşağı.
Bir ömrü güdaza verib.
altmışda enib aşağı.

Sonra anrıda dayanıb,
Qanrılıb baxsın gözümə.
Və görsün ki, diri gözlü 
Baş daşıyam mən özümə.

Nurafizin yaradıcılığında mənim üçün önəmli olan cəhətlərdən biri də fikri sadə və səmimi ifadəsidir. Mən əminliklə deyə bilərəm ki, bu şair söz axtarışına çıxmır,  bəlağət axtarmır.  Oxucunu dolaşıq fikirlərlə, mücərrəd deyimlərlə yükləyib yormur. Nə də pafoslu ifadələrlə diqqət çəkmir. O, yaşadığını, gördüyün, həyatında olanı oxucu ilə, indiki məqamda isə mənimlə danışıb, söhbətləşib, bölüşür. Bu söhbət də o qədər təbii axarı ilə davam edir ki, şeirdən şeirə keçdikcə ortada boşluq qalmır. Fikir qırıqlığı özünü göstərmir. Mən bu söhbətin içində  bir nağılın, bir dastanın   təsir gücünü, onun yaratdığı, gözümün önündə gəlib dayanan  minbir  çiçəkli seyrangahı görürəm. Burdakı hər çiçək öz yerindədir. O çiçəklərin ətri ilə, şehi ilə birlikdə bu seyrangahın xallı kəpənəkləri də ürəyəyatımlıdır. 

Mənə görə,  söz, fikir o zaman  oxucu üçün dilə-könülə yatımlı olur ki,  oxucu da həmin hissi yaşayır. Şeirin cazibəsi bir elektrik cərəyanı kimi oxucunun da içindən keçir, onu silkələyir. O zaman şairin səmimiyyəti danılmaz olur.  Lap bu şeirdə olduğu kimi:

Çölümü həbs etmişəm
İçimdəki qəfəslə.
Yoxluğuna dəyirəm 
Çəkdiyim hər nəfəsdə.

Bir dodaqlıq duanın
Dadı yoxdur havada.
Qəmi tərəf tuturam
Özüm ilə davada.

Mənə yağı kəsilib
Boz inadım, tərsliyim.
Deyən, çoxdan oxunub
Yazmadığım dərsliyim.

Mən Nurafizin kitabını oxuduqca burda  müəyyən bir sərhəddin də olduğunu duydum. Bu sərhəd gözlə görünmür. Amma onun üz tutduğu mövzuda duyulur. Bu mövzular da yurdla, torpaqla, özəl həyatla, dostlarla, doğmalarla  bağlı məqamlarda bir meh həzinliyi ilə keçir adamın içindən. Onda hiss edirsən ki, şair bu mövzuda hansı ovqatda olub, hansı zaman kəsiyinin ona verdiyi fürsəti şeirə çeviribdir.  Əgər azacıq duyumu olan oxucu  Nurafizin "Əllərim  utana bağlı qıfıldan" şeirini oxusa, yaxud "Bu iti gözündə üşüyür bu kənd"  şeirinə diqqət yetirsə, yəqin ki, mənim nəyə işarə etdiyimlə razılaşar. Şair yazır ki:

Əllərim utana bağlı qıfıldan,
Gözlərim eydirə yaş sükutunu.
Döyə göz yaşlarım əl əvəzinə,
Döyə darvazanın daş sükutunu.

Soruşan olmaya kiməm, nəçiyəm,
Elə bilələr ki, mən yazıq lalam.
Meh əsə yarpaqlar teylənə bir az,
Qapının ağzında quruyub qalam.

Dilənəm xatirə payımı burda,
Görəm ki, üzümə yağış çilənib.
Qonşunun uşağı qaça təngnəfəs,
- Ay nənə, qonşuya  dilənçi gəlib!

"Sözlə səs arası" kitabını bir neçə  şeirlə  təqdim etmək, ona münasibət bildirmək bəlkə də mənim üçün qüsur sayıla bilər. Mən bununla da razılaşaram.  Çünki bu kitabdakı şeirlərin hər biri  birbaşa diqqət umur. Həmsöhbət olmağa çağırır adamı. Bu isə müəllifin uğurudur.  Deməli, Nurafiz sözlə səsin arasında elə bir dayaq nöqtəsi tapıb ki, o nöqtədə söz də görünür, səs də. Sadəcə oxucuya qalan budur ki, həmin nöqtəni bir az özünə əziyyət verib tapsın. Mən əminəm ki, Nurafizin oxucuları o nöqtəni tapıblar. Tapmayanlar isə tapacaqlar.

Mən isə bu kitabla çox həmsöhbət olacağam!