Şakir Xanhüseyinli - KEÇ YOLUN SAĞINDA DAYAN
Keç yolun sağında dayan,
solu nə qədər də uzaq;
Burdan ora adlayınca
elə et ki, çıxasan sağ...
Böyük-böyük daşlar düşür
əzildikcə toz halına.
Sənə iki göz verilib
ağlayasan öz halına...
Salama uzanan əllər
çox yaxınmı bir-birinə.
Dünya ovcunun içində,
vaqifsənmi bir sirrinə...
Papağını qoy qarşına,
nöqtə boyda yer- bu cahan;
Bir yanında düşür axşam,
bir yanında sökülür dan...
Bir anda qaranlıqları
biçən o ay-orağa bax;
Səmada tək hamı üçün
işıq saçan çırağa bax...
Heç bir qarışın da deyil;
eh, bu ucsuz-bucaqsızlıq...
Qaranı ağın yerinə
qoymaq var isə, haqsızlıq...
O axan su bir xəbərmi
min il, milyon il sonradan.
Olur, heç şah deyən də yox,
amma ki, mat qalır adam...
Saçını bəyaza boyar
yanan ürəyinin qoru...
Bil, kimsəsiz ev kimisən,
hər küncün hörümçək toru...
Var qulağınla gördüyün,
gözünlə eşitdiklərin;
Mərc üçün bir uzat hələ
gör özünə çatır əlin?..