Ağaevli Əli Hacı - Gündüzlərim yeriyir qaranlıq küçələrdən...

Ədəbiyyat 12:15 / 27.10.2026 Baxış sayı: 213

Yenə ağrı-acımla dayanmışam üz-üzə,

Xəbərlərin icmalı yanağımdan su içir !

İlk bahar tək üzümə qışın şaxtası qonub,

Haqqımla ədalətin arasından su keçir !

 

Gündüzlərim yeriyir qaranlıq küçələrdən,

Ayrılıq nəğməsidir üzümdəki qırışlar!

Qaranlığın içində yolu yeyir gözlərim,

Nəfəs kəsən ölümə,qapısızdır girişlər !

 

Dərinliyə can atır,xəyalımın gəmisi

Uzaqların adına,dayazda batıb qalır !

İşiq düşən tərəfin öz dili var hər kəsə,

Dil bilməyən üz-gözüm içimdə yatıb qalır !

 

Qan paylamaq bədənə ürəyimin işidir,

Səhərdən axşamacan döyüşür baxışlarım !

Mən öləndə dostlarım,məni sözə bükərsüz

Bu,dünyada söz olmaq-ən böyük alqışlarım !

 

Sinəmdədir dağların Buravarı,Ağrısı

Gözümdədir yolların ən uzun məsafəsi !

Yerə,göyə,Tanrıya yaşadığım bu ömür-

Eşqə gedən yolların,məhəbbət əfsanəsi !