Əşrəf Veysəlli dən ÜÇ ŞEİR
Səni gördüyüm gün
Dünyanın ən özəl günü bilmişəm.
Sən mənim qarşıma çıxdığın günü.
Ömrümün ən gözəl gülü bilmişəm,
Gülüb gözlərimə baxdığın günü.
O gündür,o gündür,o gündür ,gülüm,
Hisslərin əlində boğulduğum gün .
Sənin baxışınla vurulub,ölüb,
Sənin ürəyində doğulduğum gün.
Həlim bir duyğu tək sinəmə axdın,
Mehrini könlümdən uzağa salma.
Mən səndən yapışıb ,ayağa qalxdım,
Ay eşqim ,sən məni ayağa salma.
25.09.2019
Könlümə-könlümə
Daş olaydı ürəyim,daş,
Duymamaydı heç səni kaş,
Nə axırsan yavaş-yavaş
Çeşmə,könlümə-könlümə.
Bu nə görüş,bu nə vüsal,
Həqiqətsən, yoxsa xəyal?
Qalırsansa,gözümdə qal,
Keçmə,könlümə-könlümə.
Gəl ömrünü vermə yelə,
Salma məni çöldən çölə.
Ay insafsız ,insaf elə,
Düşmə,könlümə-könlümə.
Könlüm həsrət yuvasıdır,
O qəm,o dərd yuvasıdır.
Yerin cənnət yuvasıdır ,
Köçmə,könlümə-könlümə.
1984
Kitabxanaçı qız
Sənin iş yerinə gəlirəm hər gün,
Əgər bu günahsa ,günahımdan keç.
Bəzən bir kəlməni söyləmək üçün
Bir insan ömrü də bəs eləmir heç.
Daha kitablar da yetişmir dada,
Məndə də o dözüm,o tab qalmayıb.
Sənin işlədiyin kitabxanada
Məni tanımayan kitab qalmayıb.
Ölürəm dərdindən ölməkdən ötrü,
Sən mənə ölməyi unutdurmusan.
Tək bircə kəlməni deməkdən ötrü
Bütün kitabları oxutdurmusan.
Nə mənim könlümdə cəsarət,nə də
Sənin ürəyində bir insaf qalıb.
Burda- bu kitablar əhatəsində
Hələ yazılmamış,çap olunmamış,
Hələ oxunmamış bir kitab qalıb.
23.03.2020