Məmməd  Qədir  - Əlim tutmadı

Ədəbiyyat 10:35 / 29.10.2026 Baxış sayı: 317

 

Sevda savaşında ilk şəhid mənəm,

Tıkana çevrildim, gülüm tutmadı.

Titrətdi göyləri fəğanım, naləm,

Əcəl götürmədi, ölüm tutmadı.

 

Mənə çəkdiklərim gözünnən gəldi,

Ən quraq günümdə gözüm nəm gəldi,

Ürəyin ağrısı gözümdən gəldi,

Dönüb pəltək oldum, dilim tutmadı

 

Qurulu bir evdim, viranə oldum,

Cəhənnəm oduna pərvanə oldum,

Ağlımı itirib divanə oldum,

Ağıllı tərk etdi, dəlim tutmadı.

 

Ağıllı anlamır dəlini, neynim

Odur ki, tutulub, açılmır eynim

Dərd yükü çəkməyə vərdişmiş çiynim,

Sevinci qaldırdım, belim tutmadı.

 

Yenə toparlanıb qalxdım söz üstə,

Əridi həyatım yandı köz üstə,

İstədim çökdurəm bəxti diz üstə,

Fəndim boşa çıxdı, felim tutmadı.

 

Sən demə uşaga tumardı, dünya,

Böyüyəndə sezmir, xumardı dünya,

Elə bilirdim ki, qumardı dünya,

Uduzdum ömrümü, əlim tutmadı.

 

Yenə şükür dedi Məmməd, həyatdı,

Mən diri olanda qismətim yatdı,

Ehtiyac adında düşmənə satdı,

Oba üz döndərdi, elim tutmadı..