Qəşəm İsabəyli - TƏBƏSSÜM
(hekayə)
Kompüterçi-korrektor Yeganə xanıma.
1.
“Təbəssüm” deyəndə, insanın üz-gözünə yayılan işıq görünür gözümüzə. Amma mən təbəssümü qulağımla eşitdiyim barədə danışmaq istəyirəm.
İşdən çıxarılana qədər, idarəmizə zəng eləyən adamları it kimi qapırdım. Elə bilirdim işim var, məndən hünərli qadın yoxdu bu məmləkətdə.
Bir gün idarə müdirimizi dəyişdilər. Yerinə cavan bir xanım gəldi. Bu da vəzifə kürsüsündə oturan kimi başladı islahata – özündən gözəl gördüyü qız-qadınları ətrafından pərən-pərən saldı. Elə bir gözəlliyim olmasa da, axırda növbə mənə də çatdı.
2.
Bütün günü evdə oturmaqdan, öz-özümlə danış¬maqdan az qalırdı dəli olam. Köhnə iş yoldaşlarım da mənim kimi. Axır ki, yaxşı bir vasi¬tə tapdıq – başladıq qeybətə. Günün yarısını söz güləşdirməkdə, dedi-qoduda keçirdirdik. Dərd ürəyimizdə yığılıb daşa dönmürdü.
Bir gün rəfiqələrimdən biri az qala məni qınadı:
–Sən ki, kompüterçisən, niyə nəşriyyatlara zəng eləmirsən?!
Elə səhəri günü telefonu aldım əlimə.
–Allo... – deyib, oğurluq üstə tutulmuş adamlar kimi sıxıla-sıxıla güclə ağzımdan sözün dalını çıxarda bildim – salam.
–Sala-a-am? – səsimdən-sözümdən məmnun qalmadığını açıqca hiss etdirən naşir sualla qarşıladı məni.
–Müəllim, bəlkə sizdə kompüterçi işi ola?
–Yoxdu! – Elə o an da. – Düüüt... düüüt...
Ürəyim sıxıldı. Telefonu söndürüb, qanqaraçılığımın yarı səbəbkarı kimi bu cansız əşyanı divara çırpıb, canımı qurtarmaq istədim. Təzə telefon ala bilməyəcəyimin qorxusu suya-buza döndərdi məni. Nəfəsimi dərib, gözümü zillədim saata. Özümə gələndən sonra daha bir naşirin nömrəsini yığdım. Yenə eyni söz, eyni imtina.
Neçə gün idi axtarış aparırdım. Amma geri durmaq fikrim yox idi. Barmaqlarım yorulub, səbrim tükənəndə isə pəncərədən dənizə baxıb, həyəcanımı yenməyə çalışırdım.
Beləcə hər gün beş-on nəşriyyata və qəzet-jurnal redaksiyalarına zəng eləyir¬dim. Bəzən acıdillilərə rast gələndə, özümü görürmüş kimi gülümsəyib, “təşəkkür edirəm” deyə, telefonu qapayırdım.
Bir gün səhər ümidsizliklə daha bir nəşriyyatı yığdım.
–Alooo...
–Bəli, xanım, buyurun.– Eşitdiyim cavabdan necə çaşdımsa bir anlıq nitqim batdı. – Buyurun, eşidirəm.
–Vallah, utanıram da deməyə, müəllim, işsizəm?!
Eyni mehribanlıqla soruşdu:
–Nə iş bacarırsınız, xanım?
–Kompüterçiyəm.
–Çox gözəl! Çox gözəl! Gəl ki, işə götürməklə sizi sevindirə bilməyəcəyik!
Az qaldı telefon əlimdən düşsün.
–Amma müəllif əlyazmalarını kompüterdə yığmağı... yəqin ki, kömpüteriniz var?
–Bəli var, müəllim.
–... bacararsınız?!
Birdən səksənən kimi oldum – nəfəsim daraldı, hönkürməsəm də, göz yaşlarım yanaqlarım boyu axıb tökülməyə başladı. Səsim qırıldı.
–Nə oldu sizə, xanım, möhkəm olun.
Handan-hana dilimin buzu əridi:
–Allah sizdən razı olsun, müəllim!
–Sabah gələrsiniz. Ünvanımızı bilirsiniz yəqin?
–Bilirəm... bilirəm...
–Xudahafiz.
–Allah sizdən razı olsun, müəllim!
Səhəri diri gözlü açdım.
3.
Tezliklə kollektivə də alışdım. Hətta yaxşı çalışdığımı nəzərə alıb, işə də götürdülər məni. Dilli-dilavər olduğumu görən müdir bir gün də mənə daha bir şad xəbər verdi:
–Köməkçim ola bilərsiniz?!
İndi tanımaza-bilməzə biri zəng eləsə, min dillə dindirirəm onu.
O günü bir qadın yığmışdı məni:
–Allo... – dayandı. Elə bildim 5 ay əvvəl özüməm zəng eləyən.
–Bəli... bəli...
–Allo...
–Ay can, eşidirəm. – Səs gəlmədi. – Birdən xət¬tin o başından hönkürtü eşitdim. – Xanım, sizə nə oldu, ürəyim parçalandı?!
Səsi titrəyə-titrəyə dilləndi:
–Bacı, vallah, sizi ana doğmayıb!
Bu sözləri eşidəndə çaşdım, amma özümü tez də ələ aldım:
–Xətrinizə dəymişəm, nədi?!
–Yox ey, sizi mələk doğub, bacı! Yarım ildə azı min yerə zəng eləmişəm, məni minnətlə qarşılayıb, ürəyimi sındırıblar. Amma siz günlərlə canıma yığılan ağrıları bir anda unutdurdunuz mənə! İnanın, indi “bizdə iş yoxdu!” desəniz belə, incimərəm.
–Xanım, müdirimiz ölkədən kənara çıxıb, bir həftəyə qayıdacaq. Gələrsiniz.
–Bacı, inanın, altı ayda ilk dəfədir ki, üzüm gülür.
15.06.-23.07.2026