Faiq  Balabəyli -  UĞULTU

Ədəbiyyat 12:41 / 24.07.2026 Baxış sayı: 424

 

Göy üzündən gələn uğultu

bəlkə də

səssizliyin öz nəfəsidir.

Elə bir sükut ki,

qulaqları yox,

ürəkləri oyadır

həm də özündən

özünə qayıdır.

Bilirəm,

Yoxluğumda adımı

dodaqların hər gecə

səssizcə təkrarlayır axı.

Adım,

dilininin ucunda deyil,

həsrətinin içində yaşayır, axı.

Bilirəm, bilirsən ki,

ucsuz-bucaqsız səhralarda

şəhid anasının göz yaşları

bulud olub dolanır;

Bir gün yağış kimi enəcək,

qanqalların yerində

qırmızı lalələr,

ağ çiçəklər bitəcək.

Əlbəttə, torpaq

qanı unutmur.

Daş yaddaşını itirmir.

Yalnız insan

unudanda

gecə uzanır.

Bəlkə də

sənin unutqanlığın

ürəyimə düşən

ilk xaldır.

Elə ona görədə

Bu uğultu səssiz,

ürəyim isə laldır.

əlbəttə, göy üzündən gələn uğultu

yenə eşidiləcək.

Amma o zaman

hamı biləcək:

ən böyük uğuıtu

səssizliyin özüdür.