Şakir Xanhüseynli - HƏRƏKƏT
hərəkətdə olmaq gərək,
sürət yaxalamalısan ləngliyindən də...
hərəkətdə olmaq gərək, hə,
sağına, soluna hey diqqət edib.
irəli düşdünmü
düşün bir addım
uzun-uzun yollar sən ha qət edib...
hərəkətdə olmaq gərək,
öncə
ayaq üstdə
qalmaq gərək;
həmişə bir can atma,
özünü keçmə cəhdi,
səmada gəzib yerdə uçma cəhdi...
hərəkətdə olmaq gərək,
gözləməmək,
gözə almaq hər şeyi,
izləməmək,
iz qoymaq bir ulduzda,
bir sözdə...
həlqələri qırmamaq,
ayırmamaq
bir-birindən...
əl uzatmaq,
bir-birinə gül uzatmaq--
olmamaq bir-birindən!..