Təranə Məmməd -   Bu gecə

Ədəbiyyat 14:16 / 24.07.2026 Baxış sayı: 457

 

Ay üzün Ayla yarışsa, qalib gələcək,

Rəsmini göydəki ulduz çəkəcək,

Bir sərin meh əsərək tellərini titrədəcək,

Sənə layla çalacaq Ay bu gecə.

 

Səni sonsuz gecədə seyr edəcək,

İşığından gözünə pay verəcək,

Hüsnünə nəğmə qoşub söz deyəcək.

Sənə layla çalacaq Ay bu gecə.

 

Yuxuna huri mələklər gələcək,

Ay enib al yanağından öpəcək,

Səni bihuş eləyib məst edəcək.

Sənə layla çalacaq Ay bu gecə.

 

Bəzəyib nur ilə gültək üzünü,

Ay özü hüsnünə heyran olacaq.

İtirib külli cahanda özünü,

Sənə məftun olacaq Ay bu gecə.