Qəşəm İsabəyli – sözə, şeirə və doğma yurda bağlı yaradıcılıq

YAZARLAR 09:01 / 14.08.2026 Baxış sayı: 940
 

14 avqust Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq yolu olan şair, nasir, tərcüməçi və uşaq ədəbiyyatı müəllifi Qəşəm İsabəylinin doğum günüdür.

Qəşəm İsa oğlu İsabəyli 1948-ci il avqustun 14-də Kürdəmir rayonunun Xəlsə kəndində ziyalı ailəsində anadan olub. İlk təhsilini doğma kəndində alıb, orta məktəbi isə qonşu Axtaçı kəndində bitirib. Sonralar Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb.

Onun həyat və yaradıcılıq yolunda doğma Kürdəmirin, xüsusilə Xəlsənin mühüm yeri var. Bu bağlılıq yalnız bioqrafik fakt olaraq qalmayıb. Qəşəm İsabəylinin yaradıcılığında uşaqlıq xatirələri, kənd həyatı, insan münasibətləri və doğma yurda bağlılıq müxtəlif formalarda öz əksini tapıb. “Ömrün Xəlsə çağları” əsərinin adında belə bu bağlılığı görmək mümkündür.

Ədəbi yaradıcılığa 1967-ci ildən başlayan Qəşəm İsabəyli uzun illər ərzində şeir, nəsr və tərcümə sahəsində fəaliyyət göstərib. Onun yaradıcılığında uşaq ədəbiyyatı xüsusi yer tutur. “Balaca-bapbalaca”, “Heç nə istəmir ana”, “Şam nağılı”, “Əkil-bəkil”, “Üüü...”, “Cin”, “Nənəm təkdi” və digər kitabları uşaqlar üçün yazdığı əsərlər sırasındadır.

Uşaq ədəbiyyatı yazmaq ilk baxışda sadə görünsə də, əslində müəllifdən xüsusi dil və düşüncə tələb edir. Uşağın dünyasına yaxın olmaq, sadə sözlərlə maraqlı fikir söyləmək və bunu didaktikaya çevirməmək həmin janrın əsas xüsusiyyətlərindəndir. Qəşəm İsabəylinin yaradıcılığında bu istiqamət uzun illər davam edən fəaliyyət sahəsinə çevrilib.

1989-cu ildə “Əkil-bəkil” poeması “Ən yaxşı uşaq kitabı” I Respublika müsabiqəsində ikinci mükafata layiq görülüb. Maraqlı və diqqətçəkən məqam isə budur ki, müəllif aldığı mükafatı şəhidlərin xatirəsinə ucaldılacaq abidə fonduna köçürüb.

Qəşəm İsabəylinin fəaliyyəti yalnız yazıçılıqla məhdudlaşmayıb. O, müxtəlif illərdə müəllim, jurnalist, redaktor və nəşriyyat rəhbəri kimi çalışıb. “Yazıçı” və “İşıq” nəşriyyatlarında fəaliyyət göstərib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şur” nəşriyyatına rəhbərlik edib.

1993-cü ildən uşaqlar üçün “Cik-cik” qəzetinin təsisçisi, naşiri və baş redaktoru kimi fəaliyyət göstərməsi də onun yaradıcılığında xüsusi yer tutur. Uşaqlar üçün mətbuat nümunəsinin yaradılması və uzun müddət yaşadılması uşaq ədəbiyyatına və mütaliə mədəniyyətinə verilən töhfələrdən biri kimi qiymətləndirilə bilər. O, həmçinin “Şirvannəşr” nəşriyyatının təsisçisi və naşiridir.

Qəşəm İsabəyli tərcüməçiliklə də məşğul olub. Rus, ukrayna, litva və latış ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib. Öz əsərləri isə müxtəlif dillərə çevrilərək başqa oxuculara da çatdırılıb.

Bu gün onun yaradıcılığına nəzər saldıqda bir tərəfdə doğma Xəlsənin, Kürdəmirin izlərini, digər tərəfdə isə uşaqların dünyasına ünvanlanan sadə, rəngarəng və düşündürücü sözləri görmək mümkündür. Şairin yaradıcılıq yolu həm də bir kənd uşağının ədəbiyyat, jurnalistika və nəşriyyat sahəsində uzun bir yol keçməsinin nümunəsidir.

Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi Qəşəm İsabəylini doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Ad gününüz mübarək, Qəşəm müəllim!