NORVEÇ DAĞLARINDA - Nazim Əhmədli
14.08.2026.Norveç Krallığı.Oslu şəh.
Yenə, göy üzü doldu,
buludlar naxır-naxır;
çəhrayı yuxulardan,
gümüş yağışlar yağır;
dağlar baş-başa qalıb,
göyün üzü görünmür;
dərələrin dibuində,
ağca duman sürünür;
ürkək marallar gəzir,
meşənin yaxasında,
pənbə buludlar üzür,
suların yuxusunda;
bax, bu gələn yağışdı,
buludların gözündən;
elə, xoşluqlar yağır,
adamların üzündən;
üzünü meşə tutub,
hər yanı daşdı, dağlar;
bir-birinə bağlanıb
doğma qardaşdı, dağlar;
göy üzünə birləşir,
dənizlərin kənarı;
qızların saçı rəngdə,
dağların bəyaz qarı;
zirvələrdən aşağı,
dəli sular asılıb;
bu dünyanın yaddaşı,
qayalara yazılıb;
Günəş harda gizlənib,
bulud örtüb üzünü;
kimdən küsüb, dağ çayı,
daşdan atıb, özünü;
girib dağın içinə,
yollar o üzdən çıxır;
yağış buluddan gəlir,
bulud dənizdən çıxır;
dağların arasında,
gümüş göllər sayrışır;
sulardan qalxan buxar,
meşələrə qarışır;
Laçındakı dağların,
quxusun aldım, burdan;
yaddaşım təzələndi,
kövrəldim, doldum, burda;
ağ evlər səpələnib,
yamaca, kündə-kündə;
elə bil, Laçındayam,
bu dağların içində.