Xatirə Rəhimbəyli -   Çiçəyə uçunur,mehə kövrəlir

Ədəbiyyat 15:26 / 14.08.2026 Baxış sayı: 425

Çiçəyə uçunur,mehə kövrəlir,

Həssas qəlbim kimi yaz buludları.

Axşamdan səhərə gözü yaşlıdır,

Kim dəyib xətrinə boz buludların?!

 

Bölük-bölük olur çox yüklərindən,

Min lövhə boylanır bölüklərindən.

Kim asıb göylərdə hörüklərindən,

Nağıllar gözəli qız buludları?

 

Silər göz yaşımı hərdən “can!”deyər,

Oxşayıb başımı “qana-qan!” deyər...

Min nağıl danışar,min dastan deyər,

Alsan sinən üstə saz buludları..