Süleyman Abdulla - YERİN-YURDUN ŞEİRİ..
Doğma vətən qərib süzdüyüm yerdi,
Ümidin ipək tək süzüldüyü yer.
Çoxdan əllərimi üzdüyüm yerdi,
Bir də ürəyimin üzüldüyü yer...
Olsun e, vəsfinə həvəslə qoş söz,
Dost-tanış haqqında danışsın xoş söz,
Xainə nə desən sayacaq boş söz,
Düşmən dodağının büzüldüyü yer...
Daşar ağ əllərdə al piyalələr,
Oynar göz önündə qara halələr.
Baxarsan qan rəngdə açıb lalələr,-
Güllərin gülləyə düzüldüyü yer.
HANI
Bir künc axtarıram sabaha kimi,
Yalan səthlərin tərs düzü hanı?!
Var işıq qənimi, zülmət qənimi,
Sərsəm gecələrin gündüzü hanı?!
Silinər gözünün min illik kiri,
Quzuya çevrilər Xurşudun şiri.
Sirrini deməyə var dostun biri,
Açmağa yar-yoldaş lap yüzü, - hanı?!
Düz deyib qalmaq var çölün düzündə,
Nifrətlə seyr edib kinlə süzün də...
Getməyə yer hanı bu yer üzündə,
Var-gəl eləməyə göy üzü hanı?