Könül Nuriyeva .-Sual verirsən, qaragözlü balaca qızım:

Ədəbiyyat 10:42 / 14.08.2026 Baxış sayı: 775

 

- Sevgi nədir?

Böyük sualdır!

Özü bir ürəyə sığan,

danışdıqca bitməyən ümmandır.

Sevgi qürurdur, qızım

Səni sevmirsə, bildirməyəcəksən,

sevəcəksən için -için,

yanacaq ürəyin,

onun bir kəlməsi, yəni bir udum su üçün

dağılacaq ciyərin!..

Susacaqsan.

Sevginin mənası yoxdur, qızım,

əgər mənası olsaydı,

Sən, sənin üçün illərini,

kəndir kimi oz boynuna dolayan,

sənin xətrinə,

özünü özundən asan

adama ümid verərdin.

Heç olmasa bir qarış kəndir qədər

onu sevərdin.

İstəmirsən...

Çünki izahı olmayan şeylərin yoxdur mənası,

sənin arx arzunu,

əvəz edə bilməz dünyanın yüz dənizi!..

Sevgi bir az vicdansızdır, qızım,

sevərsən ən namərdi,

Ən pisi, sənə uyğun olmayanı,

gözləyərsən, səni yarı yolda qoyanı.

Özünü sənin üçün yol edənə ürəyin isinməz...

Beləcə, girərsən yolun haqqına

səni illərdi gözləyən,

bəlkə "hə" deyəcəyin günün haqqına.

Suyu tez quruyan bir palçıqlı arxa görə

yüz dumduru dənizin haqqına...