Namiq Dəlidağlı - DƏNİZDƏ BOĞULANLARA REKVİYEM
Ədəbiyyat
16:00 / 14.08.2026
Baxış sayı: 555
Sizin arzularınız
gözünüzdə qalmadı,
gözünüzdə boğuldu.
Sizin ölümünüz
bambaşqa ölüm,
su ölümü, dəniz ölümü...
Sizə balıqlar ağladı,
səssiz ağladı,
hamıdan qabaq.
Balıqların göz yaşından
bir az da artdı dəniz,
dəniz də ağladı bir az:
gözünü qan tutmuş dəniz,
əli qana batmış dəniz...
Sahildən qorxub
çəkindi dalğalar,
günahından utandı.
Yosunların arasında,
ilbizlərin kölgəsində
gizləndi dəniz...