Məmməd  Qərib - Başa düşmür

Ədəbiyyat 11:47 / 08.08.2026 Baxış sayı: 603

 

Allah, bu gözəlin ürəyi yoxmu,

İşarə anlamır, söz başa düşmür .

Eşqinə yönəldir bütün cığırlar,

Ləpirdən yan keçir , iz başa düşmür.

 

Gül kimi arzumu qurama yozur,

İpək baxışımı barama yozur,

Halal məqsədimi harama yozur,

Doğrunu bəyənmir, düz başa düşmür.

 

Bahar amacıma sarı don biçir,

Son damla səbrimi doldurub içir,

Tonqal ürəyimi tapdayıb keçir,

Ocaqdan çəkinmir, köz başa düşmür.

 

Baxışı məhv edir, odlu silahdı,

Gülləsi əzabdı, ağrıdı, ahdı,

Ha deyim ürəyi qırmaq günahdı,

Qaşa məhəl qoymur, göz başa düşmür.

 

Sevdikcə sonumu haqladım, Yarəb,

Üzümə güldükcə, ağladım, Yarəb,

Görən hansı simdə anladım, Yarəb,

Təzanə anlamır, saz başa düşmür .

 

Eşqin atəşini, közünü görsün,

Baxsın ürəyimdə özünü görsün,

Aç bunun bəsirət gözünü, görsün,

İlahi, məni bu qız başa düşmür!!!