Lilpar  Cəmşidqızı -   QƏZƏL (gizlənər)

Ədəbiyyat 12:08 / 08.08.2026 Baxış sayı: 591

 

Eşqi pünhan eyləsən, candan məhəbbət gizlənər,

Can verər cismin hədər, qandan məhəbbət gizlənər.

 

Bir bulud köksün boşaldar, çalxanar bətnində sel,

Çatlayan torpaqda leysandan məhəbbət gizlənər.

 

Mərhəmət hər bəndənin qəlbində Allah nurudur,

Zülm edən bir asi sultandan məhəbbət gizlənər.

 

Dən tutan sünbül çəkər torpaq qidasın dəmbədəm,

Gər hörərsən zülfü, xırmandan məhəbbət gizlənər.

 

Xəstə insan dərdinin aşüftə halından bezər,

Yalvarar loğmanə, dərmandan məhəbbət gizlənər.

 

Dalğalardan yol salan dərya dibindən ləl yığar,

Saxlayar mərcanı ümmandan, məhəbbət gizlənər.

 

Bir qızın qəlbində sevda gül- çiçəkdən tər olar,

Eşqi işrət sansa, oğlandan məhəbbət gizlənər.

 

Tarixin hər bir dəmin kökdən kitablar saxlayar,

Görsənər qul haqqı, qılmandan məhəbbət gizlənər.

Odlanırsan sevgidən, Lilpar, görünmür atəşin,

Can yanarkən Yerdə, Canandan məhəbbət gizlənər?