Ayaz Arabaçı - QIZISAN

Ədəbiyyat 19:54 / 08.08.2026 Baxış sayı: 440

Deməsən də gözlərindən duyuram,

Soyuqların, sazaqların qızısan..

Könlüm sənin yanındadı həmişə,

Nə olsun ki, uzaqların qızısan..

 

Qoyma məni bu sevgidə naçar, ey,

Əlindədi ürəyimə açar ey,

Adam sənnən hara desən uçar ey,

Quş qanadlı uçaqların qızısan.

 

Əvəzsizsən etibarda yar kimi,

Tərtəmizsən təzə yağmış qar kimi,

Yanaqların allanıbdı nar kimi,

Ballı-barlı budaqların qızısan

 

Bir sevda var boyumuza biçilən,

Dünya nədi, kiçildikcə-kiçilən,

Bir nəğməsən, içildikcə-içilən,

Şirin-şərbət bulaqların qızısan

 

Dönməmişdim mən bu qədər başa heç,

Vermişdinmi can bu qədər daşa, heç,

Elə bil ki dolmamısan yaşa heç,

Bapbalaca uşaqların qızısan.

 

Nə geyinsən alovlardan geyirsən,

Məlhəm kimi hər ağrıya xeyirsən,

Oxunduqca doyulmayan şeirsən,

Qələmlərin, varaqların qızısan..