Məmməd Qədir - Bir ovuc adam
Bir ovuc adamam, bir ovuc adam,
Bir ovuc sinəmdə neçə dağım var.
Doğmalar içində özgəyəm, yadam,
Ruhumdan gözümə gizli lağım var.
Yazıq ruh nəm çəkib çürüyür məndə,
Amma "kefkom" kimi məşhuram kəndə,
Mən arsız deyiləm, ay gülən bəndə,
Gecəni ağladan ağlamağım var.
Nəfsimə ağayam, sevgimə qulam,
Kədərə evliyəm, sevincdən dulam,
Üzümdə fağıram, çölümdə lalam,
İçimdə kükrəyib çağlamağım var.
Duymaz təlatümü baxıb gedənlər,
Çıxmaz ürəyimdən ürək didənlər,
Sevinər ahıma ruhsuz bədənlər,
Duyan könülləri dağlamağım var.
İlahi, Məmmədə bir ovuc gün səp,
Hər gecəm iztirab, gündüzüm əsəb,
Zəncir çeynəyəndə, min şükür,- qəzəb,
Özümü səbirə bağlamağım var...