Adilə Nəzərin : -   Dərindən  çağlayan  çay - Vəli  Xramçaylı

YAZARLAR 19:34 / 27.04.2026 Baxış sayı: 703

Bu gün Azərbaycan poeziyasının sakit, amma dərindən çağlayan çayı - Vəli Xramçaylının doğum günüdür.Hörmətli Vəli müəllim, Sizi təbrik etmək, bir şair, bir dərviş ruhun saflığına şəhadət gətirməkdir. Siz illərdir o "sarı simi" elə kökləmisiniz ki, səSi

dası harda oluruqsa olaq, gəlib köksümüzün ən incə yerinə toxunur.

z şeirinizdə deyirsiniz:

Bir karvanın köçündəcə,

Mən boyda, mən biçimdəcə,

Bu köksümün içindəcə,

Öldü, bir Vəli, bir Vəli.

Amma biz bilirik ki, içinizdə ölən sadəcə dünyanın keçici həvəsləridir. O içindəki “Vəli”ni öldürüb, yerinə bir Dərviş doğuran adamın ömrü əslində elə hər doğum günü yenidən başlayır. Siz namərdin içində mərdi görən, dərdi bölüşməyi deyil, dərdi “bölməyi” (çoxaltmağı yox, mahiyyətinə varmağı) bacaran sənətkarsınız.

Adamı ovudan qəmdi,

Köksümdəki qəmim yenə.

Bu yurdun dərya qəmində,

Üzər hər gün gəmim yenə.

Doğum Gününüzdə Sizə Arzum budur:

Gəminiz həmişə üzsün: Ömür dəryasının qəmi çox olsa da, Sizin o "qəm gəminiz" heç vaxt qayalara çırpılmasın. Arzu edirəm ki, o gəmi Sizi həmişə Haqqın sahilinə, mənəviyyatın ən uca limanına çatdırsın.

Yolunuz yormasın:

Tanrım yazıb bu yazını,

Nə çoxunu, nə azını.

Yol gedərəm yol uzunu,

Yol məni yoldan eyləyər.-

deyirsiniz. Qoy o yol Sizi yoldan deyil, sadəcə bu dünyanın toz-torpağından eləsin, ruhunuzu hər il daha da durultsun.

Sazınızın simi qırılmasın: "Üçtelli sazda köklənən" o dərviş ürəyiniz hər zaman eyni amalla vursun. Bu dünyaya uyuşmamağınız Sizin ən böyük zəfərinizdir; qoy bu uyuşmazlıq Sizə həmişə yeni misralar, yeni sədalar bəxş etsin.

“Dərviş Vəli haqq aşığı, - Haqqdan Gələni Söyləyən” Şair!

Siz bu zəmanənin içində Yunus İmrənin nəfəsini, dərvişlərin sükutunu yaşadan bir imzasınız. Sizin ömür yarpağınız hər il yelləndikcə, biz oxucular o yarpaqdan tökülən hikmət payımızı alırıq.

Yaxşı ki varsınız, yaxşı ki bu “yükü duz daşından ağır” olan ömrü mərdanə daşıyırsınız. Yeni yaşınız Sizə can sağlığı, könül xoşluğu və o heç vaxt bitməyən “İlham pərisinin” dualarını gətirsin.