İŞIQ UCU - Şakir Xanhüseynli

Ədəbiyyat 12:56 / 28.04.2026 Baxış sayı: 167

 

hə, işıq yox, işıq ucu;

adama bir işıq ucu gərək-

bir işıq ucu- kəhkəşan yolu,

nur seli...

nəfəs almaqçün bir işıq ucu,

o qədər ki, ürək döyünə bilsin,

bir göz ağlayanda bir göz gülsün...

bəzən dalana dirənəndə bir iş

soruşuruq:

bir işıq ucu görünürmü;

o bir işıq ucu günəş işığına tən,

bəlkə də çox...

nəyisə gözləmək inadından

o vaxt əl çəkirsən ki,

baxırsan bir işıq ucu yox...

"iynə ucu boyda" işıq azdı ki?

onun verdiyi ümid dünyalar əvəzi...

bəli, qoy bir iynənin gözündən,

bir çatdan düşsün o işıq,

qaranlıq atdan düşsün...

bir işıq ucu hökmən gərəkdi, hökmən

və deməlisən:

ya zülmət, ya mən!..