Əşrəf  Veysəlli - BİR ÖMRÜN MƏNZİLİ UZANAR

Ədəbiyyat 09:06 / 28.04.2026 Baxış sayı: 309

 

Bir ömrün mənzili uzanar hələ,

Bir qız bu yollarda məni ləngidər.

Qara tül libasda o gülə- gülə

Sevdirər könlümə qara rəngi də.

 

Ulduzlar hüsnünə heyran qalarlar,

Qonmaq istəyərlər çyninə hərdən.

Qorxar ki, oğlanlar Məcnun olarlar,

O qız qara geyər əyninə hərdən.

 

Dünya tilsiminə düşübdür, nədir

O ala gözlərin, qara qaşların.

O qız tül libasda ağ fəvvarədir

Soyuq qucağında qara daşların.

 

Bir duyğu qoymaz ki, danışam, dinəm

Bağrıma bir həsrət yükü daşınar.

Onsuz yurd yerinə bənzəyər sinəm,

Ürəyim çevrilər ocaq daşına.

 

Çöhrəsi nur dolu səhərə bənzər,

Görsəm gözlərimin ümidi artar.

Onsuz keçirdiyim günlərə bənzər,

Onun xoşladığı o qara paltar.

 

O gedər— çiçəklər, güllər quruyar,

O gələr— gül açar səkilər indi.

Şimşəktək buludu biçər, doğrayar,

Bir ömrün dan yeri sökülər indi.

 

Onu ömrüm boyu gözləyərəm mən,

Hərdən şirin- şirin dindirər məni.

Ömrün qürubunda tutub əlimdən,

Gün çıxan tərəfə döndərər məni…

 

Bir ömrün mənzili uzanar hələ,

Bir qız bu yollarda məni ləngidər.

Qara tül libasda o gülə- gülə,

Sevdirər könlümə qara rəngi də.

1982- ci il.