Lilpar  Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:42 / 27.02.2026 Baxış sayı: 393

 

Dolu eşqin qədəhin Yar yenidən verdi mənə,

Bu qədər şərbəti hardan gətirib, sirdi mənə.

 

Yığılıb sevgisi köksümdədi, tüğyan eləyir,

Qaynayan çeşmədi, qəlbimdə daşan Kürdü mənə.

 

Bilirəm, cövrü cəfa çoxlu məşəqqət gətirib,

Çöhrəmin nuru çəkilmir, yenə səngərdi mənə.

 

Elə bil cəbrdi ömrüm, vurulur, gah bölünür,

Ayırıb məxrəci Yar, hasili göndərdi mənə.

 

Qəmli bülbül kimi canım yenə cismimdən uçur,

Qəfəsin kandarı ruhum dolaşan yerdi mənə.

İşığın, Yar, gözümün ayinəsindən görünür,

Üzünün şöləsi aləmdə olan zərdi mənə.

Açıb ağ gül, telimin fəsli haçandır qış olub,

Dolanır boynuma həsrət, yenə kəndirdi mənə.

Qara bəxtim, nə zamandır ki, bəyaz gün gəzirəm,

Yerin üstündə həyatın odu təndirdi mənə.

Dözə bildim bu cəhənnəmdə keçən hər günümə,

Xəzəl ömrümdə qalan arzularım pərdi mənə.

Yaşamaqçün çalışan canım əzəl cəngə girib,

Vermisən, bəsdi, yetər, birdə kədər, dərdi mənə.

Neçə Lilpar kimi aşiqlərə cənnətdi yaxan,

Gəlirəm, səcdə edəm, Yar, qucağın pirdi mənə.