Fədailiklə laqeydlik arasında: Azərbaycan aliminin gerçək portreti

YAZARLAR 09:31 / 27.02.2026 Baxış sayı: 406

 

Son günlərdə media və sosial şəbəkələrdə alimlərimizə qarşı nümayiş etdirilən qeyri-etik münasibət, xüsusilə onların yatmış formada fotoqraflarının paylaşılması və onların “fəaliyyətsiz” kimi qələmə verilməsi cəmiyyətimizdəki ciddi bir yaranı yenidən qanatdı. Bu məsələ sadəcə bir fotoqrafın obyektivindən sızan görüntü deyil, bütövlükdə cəmiyyətin elmə və ziyalıya baxışındakı mənəvi aşınmanın göstəricisidir.

Bu gün cəmiyyətdə tez-tez belə suallarla qarşılaşırıq: “Azərbaycan alimi niyə görünmür?”, “Onun elmi fəaliyyəti niyə cəmiyyətdə hiss olunmur?” və ya “Alim özünü reklam etməlidirmi?”. Lakin fundamental bir həqiqəti unuduruq: alimin ali missiyası elmi marketinq strategiyaları qurmaq deyil, fundamental elmi tədqiqatla məşğul olmaqdır. Alim laboratoriya sükutunda, arxiv tozunda və kitabxana rəfləri arasında öz işini ləyaqətlə icra edir. Bir elmi məqalənin ərsəyə gəlməsi aylar, bəzən isə illərlə gərgin əmək tələb edir.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, elmin marketinqi və təbliği ilə alim yox, ixtisaslaşmış institutlar, nəşriyyatlar və texnologiya transferi mərkəzləri məşğul olur. Alimin çiyinlərinə həm tədqiqat aparmaq, həm də “elmi nəticələrin satışı” yükünü qoymaq, onun yaradıcılıq potensialını boğmaq və elmi fəaliyyəti kölgədə qoymaq deməkdir. Bir sözlə, alim reklamçı deyil, tədqiqatçıdır.

Alimin çəkdiyi o görünməyən zəhmət, əslində, kitabxana rəflərinə həkk olunmuş bütöv bir ömürdür. Bu əziyyəti görmək istəyənlər sosial şəbəkələrin səs-küylü lentinə deyil, Prezident Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK), Axundov adına Milli Kitabxanaya və digər elmi kitabxanaların elektron kataloqlarına nəzər salsınlar. Orada minlərlə monoqrafiyanın, on minlərlə elmi məqalənin hər sətri bir alim ömrünün işığıdır. Təkcə son bir ildə AMEA-nın humanitar və sosial yönümlü elmi müəssisələrində yüzlərlə elmi monoqrafiya, minlərlə məqalə çap olunub, alimlərimiz beynəlxalq kürsülərdə öz sözünü deyib. Bu statistik rəqəmlərin hər birinin arxasında isə böyük bir fədakarlıq və səssiz qəhrəmanlıq dayanır.

Gəlin rəqəmlərə baxaq: Aylıq 720 manat məvacib alan bir alim fundamental elmi nəticələrini xaricdəki nüfuzlu jurnallarda dərc etdirmək üçün bəzən 500 avrodan artıq vəsait ödəməli olur. Yəni bir məqalənin nəşri alimin iki aylıq maaşı deməkdir. Maliyyə imkansızlığı səbəbindən neçə-neçə fundamental tədqiqat bu gün dünya elmi dövriyyəsinə daxil ola bilmir. “Xarici elmi nəşrlərdə niyə yoxsunuz?” sualını verənlər, bu maliyyə baryerlərindən və alimin sosial durumundan xəbərdardırlarmı?

Alimlərin yorğun halını çəkib saytlarda paylaşanlara tövsiyəmiz budur: Əgər vicdanınız sızlayırsa, onların sosial problemlərini, mənzil şəraitini, elm naminə nələrdən məhrum olduqlarını gündəmə gətirin. Son on ildə informasiya məkanında alimin sosial problemini fundamental şəkildə müzakirə edən bircə verilişə belə rast gəlinməməsi bizim ictimai ayıbımızdır.

“Bir fotoqrafın çəkdiyi bir foto heç zaman qorxulu deyil, qorxulu olan cəmiyyətdir”. Bu gün biz cəmiyyətimizdəki prioritetlərin dəyişməsindən qorxmalıyıq. Cəmiyyətimizin alimə, ziyalıya, elmə, təhsilə laqeyid münasibətindən qorxmalıyıq. Şou-biznes nümayəndələrinə, müğənnilərə və toyxana mədəniyyətinə göstərilən diqqətin bir faizi alimə və ziyalıya göstərilmirsə, orada hansı elmi inkişafdan danışmaq olar?

Bugünkü Azərbaycan alimləri sözün əsl mənasında elm fədailəridir. Onları kiçik görmək yox, dəyər vermək, sahib çıxmaq lazımdır. Unutmayaq ki, bir millətin gələcəyi onun elmə və təhsilə verdiyi qiymətlə ölçülür. Cəmiyyətin ziyalısına olan münasibəti köklü şəkildə dəyişməlidir. Əks halda, sükutla yazılan tariximizi sabah səs-küylə itirə bilərik.

Bu gün Azərbaycan alimi sadəcə elmi faktlar üzərində deyil, milli mənliyimizin qorunması uğrunda səngərdədir. Lakin bu zəhməti görməzdən gəlmək, onu etikadan kənar müzakirələrin hədəfinə çevirmək gələcəyimizə balta vurmaqdır. Unutmayaq ki, əgər biz bu gün alimlərin səssiz, ədəb-ərkan içərisində görünməyən zəhmətinə sahib çıxmasaq, sabah tariximiz, mədəniyyətimiz və milli kimliyimiz bugünkü səthi səs-küylərin, mənasız gündəmlərin içində boğulub yox olacaq.

Bu gün Azərbaycan alimi, fədailiklə laqeydlik burulğanında boğulur. Bir tərəfdə elmin işığı naminə hər cür maddi sıxıntıya dözən sarsılmaz bir iradə, digər tərəfdə isə bu böyük zəhməti görməzdən gələn, onu ucuz sensasiyalara qurban verən bir cəmiyyət var. Ortaya çıxan mənzərə isə fədailiklə laqeydlik arasında çırpınan azərbaycan aliminin gerçək “portreti”dir. Unutmayaq ki, “yatmış şəkildə” təqdim edilən bu “portret” bizim mənəvi və milli simamızdır.

Mübariz AĞALARLI, Tarix üzrə fəlsəfə doktoru, dosent