Kamalə   Abiyeva : - Bir uşaq boylandı xatirələrdən.

Ədəbiyyat 15:44 / 29.06.2023 Baxış sayı: 32477

Qayıtdım yenə də uşaqlığıma,

Xəyalım o ötən illərə döndü

. Babamın kənd evi düşdü yadıma

Könlümdə gör neçə xatirə dindi.

 

Yadıma düşdükcə ötən günlərim

Özüm də kövrəldim, xatirələr də.

Yadıma salaraq ötən günləri

Bir uşaq boylandı xatirələrdən

 

. Yasəmən ağacı, zanbaq kolları,

Həyəti bəzəyən qamaqçiçəyi.

O kəndin palçıqlı, daşlı yolları

Sandım ki, hələ də məni gözləyir.

 

Getdim mən o kəndə, getdim yenə də,

Necə doğma idi cığır da, iz də

. Bir həsrət asıldı kipriklərimdən,

Sanki kövrəlmişdi kənd evimiz də.

 

Bir gəlini gördüm bulaq başında,

Gülümsər gözləri necə tanışdı.

Sandım uşaqlığım durub qarşımda

O gözlər bir anda nələr danışdı...

 

Nənəmdən xəlvətcə kal meyvələri

Necə dərməyimiz yadıma düşdü.

Yığıb donumuzun ətəklərinə

Gizli yeməyimiz yadıma düşdü.

 

Gəzərdik bağları tutub əl-ələ,

Güllərin ətrini birgə duyardıq.

Hərdən xınagülü yığıb həvəslə

Təzə gəlinlərtək xına qoyardıq.

 

Unudub illəri, özüm özümü

Elə uşaq olmaq istədim ki, mən.CopyCtrl+C

Şirin bir duyğuyla yumdum gözümü

Gizlənqaç oynamaq keçdi könlümdən.

 

Yadıma düşdükcə ötən günlərim,

Özüm də kövrəldim, xatirələr də.

Yadıma salaraq ötən günləri

Bir uşaq boylandı xatirələrdən.