Tahir Rzayev, komitə sədri : - "İranın Azərbaycan ərazilərinə hücum etməsi bir xəyanət və nankorluqdur"
"İran İslam Respublikasının Azərbaycana qarşı törətdiyi bu təxribat, Naxçıvana dron hücumları, əlbəttə ki, yolverilməzdir. Bu hadisə insanlarımızı ciddi narahat edir və biz bu hərəkətləri qətiyyətlə pisləyirik".
Yenises.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. O əlavə etdi ki, bu addım bilavasitə beynəlxalq hüququn norma və prinsiplərinin ciddi pozulmasıdır:
"Biz İran İslam Respublikası ilə daim qonşuluq şəraitində, dinc və əmin-amanlıq şəraitində yaşamağın tərəfdarı olmuşuq və bu gün də dövlətimiz bu mövqedədir. İranda müharibənin baş verməsi, əlbəttə ki, bizi də ciddi narahat edir və biz bu qarşıdurmanın tezliklə başa çatmasını istəyirik. Lakin İranın Azərbaycan ərazilərinə hücum etməsi bir xəyanət və nankorluq kimi qiymətləndirilir və belə də qiymətləndirilməlidir. Çünki Azərbaycan dövləti öz ərazilərindən heç vaxt İrana qarşı hücumların təşkil edilməsinə yol verməyib və bu barədə dövlətimizin rəhbəri dəfələrlə öz fikirlərini bildirib. Belə olan halda dövlətimizə qarşı düşmən mövqeyinin nümayiş etdirilməsi, əlbəttə ki, adekvat tədbirlərin görülməsini zərurətə çevirir. İranın Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə dəvət edilib və sözsüz ki, bu barədə dövlətimiz tərəfindən kəskin etiraz bildiriləcək. Ancaq demək lazımdır ki, Azərbaycan xalqı bu gün törədilən bu təxribata, bu düşmənçilik əməllərinə görə İrandan rəsmi cavab istəmək hüququna malikdir".
Deputat hesab edir ki, İran rejiminin bu gün tutduğu yol və atdığı addımlar çox səhvdir:
"Əlbəttə ki, bu səhvlər İrana baha başa gələ bilər. Ona görə də İran rəsmiləri törədilən bu cinayətkar əməllərə aydınlıq gətirməli, lazımi cavab verməli və öz səhvlərini izah etməlidirlər. Azərbaycan xalqı öz torpaqlarını müdafiə etmək qabiliyyətinə və gücünə malikdir. Ancaq biz qonşu dövlətlərin heç biri ilə müharibə aparmaq fikrində deyilik. Buna görə də İranın molla rejimi səhvlərini dərk edərək münasibətlərin qaydaya düşməsi üçün əməli tədbirlər görməlidir. Əks təqdirdə onları daha ağır nəticələr gözləyə bilər və bu, Azərbaycanın haqqıdır, onun təhlükəsizliyi üçün çox vacibdir".