İslam Türkay - HEÇ NƏ...

Ədəbiyyat 16:15 / 07.02.2026 Baxış sayı: 288

 

Özünü öldürmə, a bədbəxt oğlu,

Bu qoca dünyanın talanı ---heç nə...

Quruca görməkdi,heç nəyin yoxdu,

Olmazı heç nədi, olanı ---heç nə...

 

Öz ağlın,şüurun vardı,dövlətdi,

Övlad da ,nəvə də quru şöhrətdi,

Bu qohum,bu qardaş sözdü-söhbətdi,

Ağızdan sovrulur..yalanı ---heç nə...

 

Bu namərd sürgündən çoxu bezardı,

Kiminin yeri gen, kiminin dardı...

Baxıram hər yanda açıq bazardı---

Satanı heç nədir, alanı ---heç nə...

 

Arzun xatirədi,bəlkən ---xatirə,

Xatirən kölgədir,kölgən –xatirə...

Bu yurdun,məkanın ,ölkən ---xatirə,

Quruca—xatirə....qalanı ---heç nə...