Fərhad Tapdıqoğlu : - Xəyanət

YAZARLAR 15:26 / 07.08.2025 Baxış sayı: 3032

 

(hekayə)

Əhəd qoyunları ağula doldurdu.Çatını inəyin boğazına keçirib,dirəyə bağladı,axura,inəyin qabağına bostandan çıxan alaq otlarından tökdü.

Sonra qayıdıb bostanın bərəsini bağladı.

Atası Mürvət onu səslədi:

-- A bala,harda qaldın ,gəl çıx də.

Yerə sərilmiş köhnə kilimin üstündə süfrə açılmışdı.Mürvətin arvadı Xavər lobya soyutması bişirmişdi. Soyutma lobyanın üstünə üzüm qorasını sıxıb,suyunu tökmüşdü. Ailə 7 nəfərdən ibarət idi.Ata- ana,yəni Mürvət kişi,Xavər arvad və beş uşaq.Uşaqların böyüyü Əhəd idi.

Mürvət kişi:

- Di, bismillah eləyin- dedi.

Ondan sonra hamı əlini süfrəyə uzatdı,yeməyə başladılar.

Mürvət kişi:

--Ay arvad ,çörək ver .Çörəyi də cirə ilə verirsən.

Xavər:

--A kişi,çörək azdı.Tezdən xəmir qatacam- dedi .Amma teştdəki süfrəni qaldırıb ,altındakı çörəyi bir neçə yerə bölüb süfrəyə qoydu.

Mürvət kişi:

--Yaxşı arvad ,bu gün də başımızı lobya soyutması ilə aldatdın. Başqa bir şey bişirərdin də.Tezdən Əhəd də Sumqayıta gedir,yadından çıxıb?-- dedi.

Xavər arvad:

---A kişi,niyə yadımdan çıxır? Urbaşkasın( köynəyin) da yumuşam,quruyub.Qaldı ki,nə bişirəydim? Bir şey vardı ki? Oldu ,bişirmədim.Allah qoysa Əhəd də oxuyub qurtarar ,işləyər. Bax onda löyün- löyün yeməklər bişirərəm- deyib,hamıya çay süzdü.

Mürvət kişi üzünü Əhədə tutub,danışmağa başladı:

--Bala,sağ salamat get.Get fezoların( peşə məktəblərinin) birində oxu,bir yönnü sənət öyrən.işlərsən,bizə də kömək olarsan.Səni Sumqayıtda avtovağzalda Valeh qarşılayar,fezolara aparar- bunu deyib Əhədə bir az pul uzatdı.

Əhəd:

- Yaxşı qağa-- dedi.

Mürvət kişi:

---Tələf - xərc olma.Pis uşaqlara qoşulma.Lovğa ,təşər cavanlarla çox yoldaşlıq eləmə...

Xavər arvad ütüləri olmadığından Əhədin şalvarını Mürvətin yatdığı taxtın döşəyinin altına qoydu ki,qat kəssin.

Səhər tezdən Əhəd yuyundu ,şorla bir stəkan salma çay içib,əynini dəyişdi.Trapes şalvarı taxtın üstündəki döşəyin altından çıxardı,geydi.Sonra uzunqol urbaşkasını əyninə alıb,qollarını dirsəyə qədər qatladı. Qağasının nimdaş cörablarını geyəndən sonra basonuşkasını geyib,üstünü bağladı.

Qağasıynan ,nənəsiynən(anasıynan), qardaş bacıları ilə sağollaşıb, öpüşüb, rayon mərkəzinə gedən yük maşınlarının birinin kuzovuna qalxdı.Nənəsi onun arxasınca bir dolu parç( dolça) su atdı.

Sumqayıta gedən avtobusda yer olmadığından,sürücü ona bir taxta verdi ki,iki oturacağın arasına qoyub otursun.

Sumqayıtda avtobusdan düşəndə ,üstü qırmızı örtüklü stolun arxasında əyləşənlərdən bir neçəsi onu əhatəyə aldı Onlar peşə məktəblərinin müəllimləri idi. Məktəblərinə adam toplayırdılar.O zaman təbii ki, peşə məktəbləri ,texniki peşə məktəbləri çox idi.Seçim də çox idi."Fərasətli müəllimlər"də uşaq kasadlığı olmurdu .Kəndçiləri Valeh özünün işlədiyi zavod üçün kadrlar hazırlayan texniki məktəbin nümayəndəsi ilə danışdı.Əhədin pasportunu alan müəllim ( nümayəndə) onu birbaşa texniiki məktəbin yataqxanasına apardı.Dörd nəfərlik otaqda ona bir çarpayı göstərdi.

Valeh onu evlərinə gətirdi.Bir gecə onlarda olan Əhəd ertəsi gündən yataqxanada ona ayrılan otaqda məskunlaşdı.

Əhəd mərkəzi poçta gedib, kəndlərinin poçt rabitəsi ilə danışıq sifariş verdi.Telefonçunun səsi ətrafa yayıldı:

---Füzuli ilə danışmaq istəyən 5- ci kabinəyə.

Əhəd həmin kabinəyə daxil oldu Dəstəyi qaldırıb,kənddə poçtda işləyənlərdən atası Mürvəti çağırmağı xahiş etdi.Mürvət kişi Əhədin zəngini gözlədiyindən elə poçtun həyətində idi.

Danışdılar .Əhəd hər şeyi olduğu kimi dedi.

...Əhəd " məişət soyuducuları kompressorları üçün yığıcı - çilingər" peşəsini öyrənirdi.

Aylıq 35 manat stipendiya ( təqaüd ) alırdı.Evdən də hərdən pul göndərirdilər.Bulki,içində bir - iki dilim kolbasa ,bir şüşə limonad onun ən çox xoşladığı "obed"( nahar ) idi.Qazlı su avtomatlarından bir,üç ,beş qəpiklik siropsuz( şirəsiz) və siroplu sulardan içmək ona ləzzət verirdi.Hərdən qəpiyi olmayanda pul atılan yuvanın ( kassanın)üstündən vurur ,stəkana su tökülürdü.Bəzi uşaqların həmin o pul atılan yuvanın üstündən bir neçə dəfə yumruqla vurub,tökülən qəpikləri yığıb,ciblərinə doldurduqlarını da görmüşdü.

Yataqxanada otaq yoldaşları ilə pul qoyub, bir "VEF" markalı əl radioqəbuledicisi də almışdılar.Konsertlərə ,xəbərlərə qulaq asır,bazar günləri gündüz saat 2- də muğamat konsertini həmişə səbirsizliklə gözləyirdilər.

.. .Əhəd texniki məktəbi bitirdikdən sonra onu zavodda sarğı maşınlarının sarıyıcısı ,operator işinə qəbul elədilər.Bu avtomat dəzgahlarda soyuducu kompessorlarının stator nüvəsinin iş sarğı dolağı əməliyyatı yerinə yetirilirdi.

O illər zavodda çoxlu zay məhsullar çıxırdı.Zay məhsullarda "payın" müəyyən hissəsi bu dəzgahlara düşürdü.Dəzgahlar Yaponiya firmasına məxsus idi .Zavoda Rusiyadan və başqa müttəfiq respublikalardan mütəxəssislər dəvət olunurdular.Onlar isə yüksək əmək haqqı almaqlarına baxmayaraq, bizimkilərə heç nə öyrərmir," barmaqarası" baxırdılar.Guya ki, bizimkilərdən mütəxəssis alınmaz.

... Əhəd ,operator işini tam mənimsəmişdi.

Hərbi xidmətə getdi, bitirib yenidən artıq onun üçün doğma olan zavoda qayıtdı.Qazandığı əmək haqqlarından kəndə də göndərirdi.

Valideynlərinin istəyi ilə ,

öz kəndlərindən Solmaz adlı bir qızla ailə qurdu Zavodun müdiriyyəti yeni ailə quran ,əmək qabaqcılı olan Əhədi ailəli yataqxanada bir otaqla təmin etdi.Solmazı kənddən gətirdi Əhəd.

Solmaz təhsil almaq istədi .Əhəd ona etiraz etmədi. Kimya- texnologiya texnikumuna qəbul olunanda Solmazla bərabər Əhəd də çox sevindi.Axı o orta ixtisas təhsili belə almamışdı.

Əhəd artıq iş sarğı dəzgahalarını özü sərbəst sazlaya bilirdi.Onu sazlayıcl işinə keçidilər. Mexaniki - təmir sexindən keyfiyyətli dişli çarxlar,reduktorların keyfiyyətli təmirini, alət sexindən təmizlik sinfi texniki tələbatlara uyğun gələn sarğı iynələri ,şablonlar tələb etməyə başladı.Bəzən gecə səhərə qədər zavodda qalır,sazlama işləri ilə məşğul olurdu.

İşdən gələndə elə zamanlar olurdu ki,yata bilmirdi.Solmaz tələbə yoldaşları olan bir qız və bir oğlanla dərslərini hazırlayır: cizgilər çəkir,məşğələlərə hazırlaşır,kurs işləri yazırdılar . Solmazla Əhəd təsadüfi halda şəhərə gəzməyə çıxardılar.Əvvəllər Solmaz həyat yoldaşı Əhəddən incisə də,sonradan sanki hər şeylə barışmışdı,ona heç nə demir,qrup yoldaşları ilə gözəl vaxt keçirdiklərini söyləyirdi.

... Əhəd artıq Solmazdan bir soyuqluq hiss edirdi.Amma fərqinə varmırdı. Düşünürdü: " maaşım pis deyil,nə istəsə pul verirəm alır.Qrup yoldaşları ilə dərslərini hazırlayır,gəzməyə gedir.Inşallah mənim də işlərim qaydasına düşər.Ona çoxlu vaxt ayıraram. "

Solmazın davranışı isə getdikcə daha da soyuqlaşırdı. Artıq bir il idi ailə idilər.Uşaqları da yoxdu.

... Bir gün...bir gün işdən evə qayıdanda otaqlarını dağınıq vəziyyətdə görən Əhəd stolun üstündəki kiçik kağız parçasını oxudu:

"Sən məni axtarma .Məni dünyalar qədər sevən qrup yoldaşım Bəxtiyarı seçdim.Boşanmağa ərizə verə bilərsən."

Əhədi soyuq tər basdı.Bir neçə saatdan sonra özünə gəldi.

...Atası gilə xəbər verdi.Solmazla boşandılar.

Bir müddət sonra onunla bir sexdə işləyən Gülarə adlı bir qızla ailə qurdu.

Çoxlu fəxri fərmanlar alan Əhəd dəfələrlə "Sosializm yarışının qalibi" oldu."Əməkdə fərqlənməyə görə " medalı ilə təltif olunub,şəkli şəhərin " Şərəf lövhəsində" əmək qabaqcılları sırasında idi. Oğlu Mənsur və həyat yoldaşı Gülarə ilə onlara növbədənkənar verilən iki otaqlı mənzildə xöşbəxt günlərini yaşayırlar.Əhəd şəhərdəki texniki insititutun axşam şöbəsində təhsil alır.

Əhəd zavodda ictimai işlərdə fəal iştirak edir.Zavod yoldaşlıq məhkəməsinin üzvü ,sonra isə şəhər məhkəməsinə xalq iclasçısı seçilib.Müntəzəm olaraq məhkəmə iclaslarında iştirak edir.

...Məhkəmə zalında növbəti məhkəmə prosesi başlamaq üzrədir.Həyat yoldaşını öz evində başqa xanımla xəyanət etdiyini görən bir qadın həm ərinə,həm də onun məşuqəsinə mətbəx bıçağı ilə bir neçə zərbə endirmişdir.Bu gün o işə baxılacaqdı.

Katib elan edir:

---Qalxın ,məhkəmə gəlir.

Məhkəmə sədri, iclasçllar : Əhəd və digəri zala daxil olurlar.

Müttəhim kürsüsündə əyləşən qadınla Əhədin baxışları anidən toqquşur.Bu qadın Əhədin keçmiş həyat yoldaşı ,ona xəyanət edən Solmaz idi.Solmaz başını aşağı dikir.Əhədi yenə də soyuq tər basır...

Sədr məhkəmə iclasını təxirə salır.

...Məhkəmə bu dəfə Əhədin iştirakı olmadan başqa iclasçı ilə keçiriləcəkdi...