Faiq Balabəyli - SALAMAT QAL, DƏNİZ
(özümə və dostlarıma ithaf)
Qollarını
lövbər kimi çiyinlərindən asmışdı
illərin ağırlığından əyilmiş
qoca dənizçi.
Bibiheybət məscidinin yanından
boylanırdı dənizə.
Nə küləkdən qorxusu vardı,
nə də uzaqlarda qalan tufandan.
Çünki o,
tufanların içindən keçmişdi bir ömür boyu.
Ömrü sahilə yan almaqda idi artıq,
xəyalları isə
vəfalı bir qağayı kimi
fırlanırdı
Bibiheybət məscidindən aşağadakı
gəmi qəbristanlığının üstündə.
Uzaqlarda görünən mayak kimi
bir işıq qalmışdı
öləziyən gözlərində —
sönməyə tələsməyən,
Amma daha əvvəlki kimi
yol göstərməyən bir işıq-
hər tərəf bulanıq, qarmaqarışıq...
Qoca dənizçi
qollarını ağır-ağır qaldırdı.
Heyi, gücü
sanki sürüşüb gedirdi
çiyinlərindən aşağı.
Necə ki,
gəminin lövbərini yığanda
dənizin duzlu suyu
zəncirdən süzülə-süzülə
aşağı enər,
sonra da dalğaların içində
səssizcə dağılar, itər...
O da eləcə
illərini yığırdı içindən
Çətin olsa da
Xatirələrini saf çürük edirdi
Ömrün köçündın....
O qədər də uzaq olmayan
“Böyük Zirə” adası
gözlərində kiçilirdi.
“Daş piltələr”,
“Şah dili”,
“Qum adası”
və adını bir zamanlar
əzbər bildiyi başqa adalar da eləcə...
Hamısı
bir ömür qədər uzaq düşmüşdü ondan.
Birdən yadına düşdü, Hələ balıqlar...
Qarmaqdakı yemə
sanki heç nə olmayıbmış kimi
qaçıb gələn balıqlar...
Sonrakı ağrıdan
qaça bilməyən balıqlar,
Necə də dadlıydılar...
Görəsən,
onlar da duyardılarmı
bu axşamın kədərini?
Görəsən,
Bibiheybət məscidinin yaxınlığında
kiçik bir təpənin üstündən
Yasin surəsi yüksələndə,
göyə qalxan duaların içində
onun da adı keçirdimi, keçəcəkdimi?
Qoca dənizçi
əllərini dizlərinə qədər
lövbər kimi sallamışdı.
Sanki bir azdan
özünü də dənizə bağlayacaqdı —
geri qayıtmasın deyə
xatirələrinə bükülüb ağlayacaqdı.
Dəniz səviyyəsindən də,
dənizin özündən də
uca dayanmışdı qoca dənizçi.
Bəlkə də ona görə
dalğalar bu axşam
ayaqlarına toxunmağa
utanırdı, çünkib dayanmşdı
Dor ağacından da uca, dənizçi.
Bəlkə də ona görə
mayak uzaqlarda
bir az daha kədərli yanırdı.
Qoca dənizçi sanki
son dəfə dənizə baxırdı.
Dəniz susdu.
Göy susdu.
Qağayılar uçmadı.
Yalnız külək
köhnə bir gəminin paslı gövdəsini
Sığallayıb keçdi, gəmilərin ağrısı
ürəyinə köçdü.
O isə
qollarını yenə
lövbər kimi çiyinlərindən asdı:
— Salamat qal, dəniz.
ömrümün
sahibsiz limanı...