Sevinc  QƏRİB - MƏN OLSAYDIM...

Ədəbiyyat 22:18 / 06.09.2026 Baxış sayı: 766

 

Güzgüdəki mənəm?!.

...yox, mən deyiləm,

mən olsaydım-

təbəssüm toxuyardı kirpiklərim,

duyğu misralanardı gözlərimdə,

şeir dillənərdi baxışlarımda...

Mən olsaydım-

üşüməzdi əllərim,

ağlamazdı saçlarım,

ağrımazdı qollarım.

Mən olsaydım-

yıxılmazdım sənsizlik adlı ağrının

ayaqlarına.

Yoxluğuna bürünmüş dünyanın

havasızlığından

asmazdım nəfəsimi.

Sükutu qucaqlamazdı qulaqlarım,

qaranlığı öpməzdi gözlərim...

Mən olsaydım-

sevinc oynaşardı dodaqlarımda,

kədər çiliklənərdi yanaqlarımda...

Güzgüdəki mənəm...

çəkildim göylərə..,

ruhum çırpınır

Tanrının ovcunda kəpənək kimi...

Sevinc Qərib