“MƏTBUAT    DİRÇƏLİŞ,   OXUCU   PEŞƏKARLIQ,  JURNALİSTİKA   İSTEDAD,   QƏLƏM   AZADLIQ   İSTƏYİR”

MÜSAHİBƏ 14:14 / 23.10.2026 Baxış sayı: 285

 

Jurnalist, publisist Məzahir Əhmədoğlu ilə müsahibə      

(ixtisarla)

  

 

Adı və imzası mətbuatda çoxdan  tanınsa da onu publisistik yazılarının yer aldığı kitablarını oxuyarkən kəşf elədim. İndi unudulmaqda olan bir sıra jurnalistika janrlarında yazmağı və yaratmağı sevən 75 yaşlı müəlliflə üç ay öncə görüşməyi vədələşsək də, görüş bir payız gününə təsadüf etdi. Vəd edilən vaxtda və həmişəki səliqəsində doğma rayonun doğma “Arvan”ında nəhayət ki gözlənilən  müsahibə baş tutdu. 

Müsahibimiz tanınmış yazıçı- puplisist, jurnalist, “Ədalət” qəzeti baş redaktorunun regionlar üzrə müavini Məzahir Əhmədoğludur. Dostluqda etibarlı , insan sərrafı, peşəsini sevən və onu ən azı yazılarında qoruyan Məzahir Əhmədoğlu əlli ilə yaxındır ki, Azərbaycan mətbuatında çalışır. Yazıları ilə səmimi oxucu rəğbəti qazanan yazıçı- jurnalist bir neçə puplisitik  kitab müəllifidir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.

 

 

  • Məzahir müəllim, mətbuatda 50 il az müddət deyil.Hazırda gününüz necə keçir, səhhətiniz necədir, jurnalist fəaliyyətinizi davam etdirirsinizmi?

 

  • Əlli ilə yaxındır ki,  mətbuatdayam. Jurnalistika fakültəsini bitirdikdən sonra Göyçayda  nəşr olunan “Yeni həyat” qəzetində peşə fəaliyyətinə başlamışam. Əvvəl də mərkəzi mətbuatda, televiziyada, radioda və digər yerlərdə  təcrübə keçmişdim.“Yeni həyat” qəzetində isə çalışarkən jurnalistikanın   çətin peşə olduğunu anladım. Çünki sovet dövründə jurnalistdən partiyalı olmağı, partiyadan yazmağı əsas şərt kimi tələb edirdilər. Kommunist partiyası qurultaylarından, plenumlarından misallar çəkməli,  Leonid İliç Brejnevdən sitatlar gətirməli idin. Mən isə  təbiətdən, kənddən yazırdım. Şəhər və kəndlərin gözəlliyindən, problemlərimdən. Məsələn, sağıcıdan, pambıqçıdan  yazana  qədər əvvəlcə kənd mənzərələrini, insanlarla ünsiyyətin səmimi məqamlarını  qələmə alırdım ki, yazı sırf kolxoz  təbliğatı xarakterli olmasın. Bu zarisovkalar  iş yoldaşlarımın yazılarından fərqlənirdi.

Mənim işim şəhər təsərrüfatı ilə, yəni zəhmətkeş məktubları şöbəsi ilə bağlı idi. Hər  yazı qəbul olunmurdu deyə kənd təsərrüfatından da  yazmağım plana salınırdı. Qeyd edim ki, orta statistik yazı yazmırdım. Öz üslubumda rəğbət oyadan yazılar olmalı idi. Odur ki, qəzetdə çalışmaq mənə əsl cəbr olub, yəni zülüm. Vahid iş rejimi yox idi deyə, bəzən çoxsaylı yazılar səbəbindən səhər açılana qədər  masadan qalxa bilmirdim. İki-üç yazı birdən yazılmalı idi. Həftənin əksər günləri kişi əməkdaşlar qəzet  çapa  gedənə qədər iş başında olurduq. Əsasən də gənclər.Sanki biz həm də mətbəə işçiləri idik...

 

Etiraf edim ki, mən  o qədər də “ipə-sapa yatan” adam deyildim. İlk gənclik illərindən inqilabçı, turançı olmuşam. Tələbəlik ,komsomol illərindən etibarən  tanış olduğum hər kəsə bunu təlqin etmişəm. Çoxlarına da bu qəribə gəlirdi, çünki  komsomolda işləyəsən, amma danışığın sovet ideologiyasına zidd olsun.  Bu baxımdan qəzetdə çalışmaq, ideologiya əsasında fəaliyyət göstərmək mənə çətin, amma maraqlı idi.  Bəzən hər nömrəyə yazmırdım, amma  qəzeti mənə görə əldə edib oxuyurdular. Hətta bir çox həmyaşıd əməkdaşlar   mən gələndən sonra  qəzetin daha oxunaqlı olduğunu etiraf edirdilər “Məzahirin yazısı çıxıb “,-deyə yazılarımı axtaranlar da çoxalırdı.

 Yazılarım isə publisistikaya daha çox önəm verdiyim üçün oxucu diqqəti, rəğbəti qazanıb. Əslində əvvəlcədən heç jurnalist olmaq kimi fikrim də yox idi, istəmirdim də. Baxmayaraq,  qəzetdə çalışmadan jurnalist təcrübəm var idi. Mərkəzi,yerli  mətbuatda yazılarım çap olunurdu, radioda çıxışlarım gedirdi.

 

Mərkəzi mətbuatda  ilk fəaliyyətim “Azərinforum"da baş tutub. Bir müddət orda çalışdıqdan sonra özümü narahat hiss edərək bu işdən  uzaqlaşdım,çünki  aparıcı yəhudi işçilərin (Qoldeyşteyn, Natan Barski...) göstərişlərini yerinə yetirmək məcburiyyəti var idi. Baxmayaraq ki, məni ora baş direktor Azad Şərifov  gözəl insanların – Elbəy Rzaquliyevin, Elxan Qasımovun və Ziyafət Abbasovun təqdimatı ilə işə götürmüşdü. Daha sonra isə tələbə yoldaşım və dostum  Loğman Rəşizadənin təklifi ilə onun baş redaktor olduğu   “Kənd həyatı” jurnalına  keçdim. Mərkəzi Komitə ləğv olunandan sonra həmin jurnalın əsasında  Azərittifaqın idarə heyətinin və o vaxtki Xarici İqtisadi Əlaqələr Komitəsinin birgə mətbu orqanı olan “Biznes” qəzetini təsis edərək orda çalışmağa davam elədim. Bir gün zəng gəldi ki, “Ədalət” qəzetində işləyirsən? Aqil Abbasla tələbə vaxtından dost idik, doğrusu, məndən çox mərhum qardaşım Nazim Əhmədovla yaxın idi, birgə oxumuşdular. Zəng etdim ki, bu nə məsələdir? Dedi ki, nə fərqi var, orda da çalış, burda da. “Biznes” qəzeti bir il fəaliyyət göstərdikdən sonra  nəşrini dayandırdı. Sonradan birdəfəlik  “Ədalət” qəzetində fəaliyyətimi davam etdirdim. Beləcə bölgə müxbiri kimi çalışanda günlərim ezam olunduğum  rayonlarda keçirdi. Evdən kənarda olanda da çöldəki yemək, arada içki məcburiyyəti nəhayət on ildən sonra səhhətimdə problemlər yaratmağa başladı. Daha sonra da ardıcıl əməliyyatlar. İndiyə qədər yüngüllü-ağırlı doqquz  dəfə cərrahi əməliyyat olunmuşam. Biri ürək əməliyyatıdır. Beş il əvvəl  isə insult keçirdim. Bu məni çox incidir, amma təqaüddə olsam da işimi davam etdirirəm. Doğrusu, həm yaşa görə, həm səhhətimə görə əvvəlki instensivlikdə fəaliyyətim yoxdur. Ancaq yaradıcı sahədə yaş məhdudiyyəti fərq etməməlidir, insandan asılıdır. Problemlərim və incikliklərim də çox oldu. Yazı üslubu baxımından həsəd edənlərim də az deyildi. Ömür boyu bir yazımı yaza bilməyənlər bir də baxdım ki, “karetalarda” gəzirlər. Jurnalistikda bu haqsızlıq özünü daha qabarıq göstərdi...

 

 

  • Ömür yolunuz bu peşədən təsadüfən keçməyib. Sizcə jurnalistika sizi, yoxsa siz onu seçdiniz? 

Artıq yaradıcılığım, dəsti xəttim  bəlli idi. İnsan gərək riyakar olmasın. Hər şeyi  özüm etmişəm demək də düzgün deyil. Gənclik illərimdən etibarən mətbuatda puplisistikaya xüsusi diqqətim olub. “Bakı” qəzetindən Fazil Rəhmanzadənin,  “ Azərbaycan gəncləri” qəzetindən Səyavuş Sərxanlının, Möhbəddin Səmədin, Məmməd Orucun yaradıcılığına daha çox diqqət edirdim. 1969-cu ilin sonunda yazıçı  Anarın rəhbərliyi ilə “Qobustan” toplusu nəşr olundu. Bu jurnal puplisitikaya məndə daha çox meyl yaratdı. İxtisasları heç jurnalist olmayan  iki-üç müəllifin yazılarını oxuyanda yeni yaranan publisitikada bir başqa dəst-xətt , fərqlilik görürdüm. Əsrin  əvvəllərində də puplisitika olub, zamanla zəifləyib, yenidən güclənib. 70-ci illərdə isə yeni puplisitika meydana gəldi. Bunların da tanınan  imzaları Tofiq Abdin (Məhərrəmoğlu), Azər Abdulla ( Əhmədov), Vidadi Paşayev və başqaları idi. Eləcə də  Cəfər Qiyasi memarlıqdan, Mərahim Fərzəlibəyov teatr sənətindən bir çox jurnalistlərdən  daha yaxşı yazırdılar. Onları oxuyanda  öz yerimi tapmadığımı anladım. Mən  jurnalist olmaq istəmədiyimi qeyd etdim, çünki kino sahəsinə çox maraqlı olmuşam. Uşaq vaxtı əyləncə kimi baxdığım filmlər,  hind melodramları daha çox tamaşaçı cəlb edirdi.  Sonradan isə “Mosfilm”in çox həyati, anlamlı filmləri kinoya  meylimi daha da  artırdı. Rus dilinə görə çətin olsa da Moskvadan “ Vokruq Sveta”, “İskusstvo” jurnalları gəlirdi, oxuyurduq. Kino ilə tanışlığım da o illərə təsadüf edir. Gələcəyimi o sahədə görürdüm. Heç kəsin ağlına gəlməzdi ki, rus dilini yaxşı bilmədən bu sahəni bu qədər araşdırım, kinoya maraqlı olum. Çünki Göyçay tolerant rayon olub. Burada azərbaycanlılarla yanaşı, iki min nəfərə yaxın  yəhudi, eyni zamanda yüzlərlə  rus, erməni, ləzgi, alman yaşayırdı.   Getdikcə məndə avropa filmlərinə də  ciddi maraq yarandı. Hətta  Bakıda keçirilən festivallara da  gedib izləyirdim. Beləcə kinonu və kino sahəsindəki bizə  bəlli olan yeni üslubları öyrənirdim. Bu yeniliyi İkinci Dünya Müharibəsindən sonra italyan filmlərində kəşf elədim, yeni kino cərəyanının necə yaranma prosesini incələdim. Federiko Fellini,   Vittorio De Sika,  Roberto Rossellini, Cüzeppe De Santis, Alberto Lattuada, Mikelancelo Antonioni İtaliya kinematoqrafiyasında neorealizmin yaradıcılarıdır.Yavaş-yavaş İtaliya filmləri Avropada geniş yayıldı.Culyetta Mazini, Marçello Masterolla, Alberto Sordi, Sofi Loren kimi dünyaca məşhur aktyorların peşəkar oyununa heyran olurdum. Onu da qeyd edim ki, italyan kinematoqrafiyası ilə yanaşı ,  italyan ədəbiyyatında da yeni bir cərəyan  geniş vüsət aldı. Yazıçı Umberto Ekonun  simasında postmodernizmin əsası qoyuldu. Bunları öyrənə-öyrənə araşdırmam gedib Skandinaviyaya  çıxdı. İnqmar Berqmanın  filmləri məni özünə çox çəkdi. Onun filmləri insanın təkliyini, keçirdiyi ruhi sarsıntı halını  peşəkar təsvir edir.

Eyni zamanda Jerar Filip, Jan Qaben,  Jan Mare, Lui de Fünes, Jan- Lui  Trentinyan, Bricit Bardo, Anuk Eme , Alen Delon kimi o dövr fransız kinosunun ulduzları parladı. Onların obrazlarında müqavimət və keyfiyyət ənənəsini fransız filmləri kimi sevərək izləyirdik.

 Daha sonra tanışlığım Hollivud filmləri ilə oldu.Qəti qərarım kino rejissoru olmaq idi. Evdən gizlədərək sənədlərimi indiki İncəsənət Universitetinin rejissorluq fakültəsinə verdim. Orda da altı imtahan vardı. İxtissas daxil beşindən  beş alırdım, sonuncudan üç verib yola salırdılar. Şikayət elədim, rektor şəxsən qəbul etdi. Hətta səmimi şəkildə bildirdi ki, sənin bu mübarizənə  acıyıram, çox çalışırsan, hazır gəlirsən, amma il ərzində cəmi 5-6 qəbul olur. Gəl, səni bu balla imtahansız aktyorluq fakultəsinə qəbul edək, bir il sonra imkan olarsa rejissorluğa keçərsən.  Öncə razışlaşsam da , sonradan “imkan olarsa” sözü yadıma düşəndə incidim, daha getmədim. İnistutdan da məni  hətta   axtardılar . Əslində fikrim bir-iki il Bakıda oxuyub, sonra Moskvaya gedib orda təhsilimi davam etdirmək idi,yəni həyat planımı geniş götürmüşdüm.  Bu planımı da  heç kimə bildirmirdim.  O da alınmadı. Ailədən üstümə düşdülər ki, mütləq oxu, sənədlərini ver, axı  orta məktəbi əlaçı kimi bitirmişdim. Elə ilk cəhdimdə iki beş, iki dördlə jurnalistikaya qəbul oldum. Təxminən iki ilə yaxın kinostudiya ilə də müəyyən əməkdaşlıq etmişəm, çəkilişlərdə olmuşam. Kinonun çətin günlərindən birində, rəhmətlik Rasim Ocaqovla , 80 illik yubileyi yeni  keçirilən tanınmış kinooperator Kənan Məmmədovla  və bir sıra dostlarla Şəkidə görüşdük. Görüşdə “niyə yaxşı film çəkilmir” sualını verəndə Rasim Ocaqov mənə “yaxşı ssenarin var” sualını verdi. “Bəli, məndə ssenari var”,-dedim. Rasim müəllim dedi ki, ssenarini gətirəndə 250 min dollar da pul gətir. (gülür)

 Kino sahəsindən uzaqlaşsam da , amma dostlarımla hər zaman əlaqələrim  olub. İndi çoxu həyatda yoxdur, amma onlarla kinostudiyada, Bakıda, rayonlarda çox gözlər günlər keçirmişik. Sonra mətbuata  bağlandım. Bu sahədə də yazılarımın yüksək səviyyədə olmasına çalışdım. Elə də oldu. Cənab İlham Əliyev prezident seçildikdən sonra  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları” qəbul olundu. Həmin proqramlar üzrə regionlarda jurnalist kimi xeyli işlər gördüm, təşviqat apardım. Mənim əsas işim publisistikadır, zamanla da bunu dərk etdim.  Aqil Abbasla, İradə Tuncay məni yaxşı mənada məcbur etdilər ki, bu qədər yazırsan, yaradırsan, ancaq kitab nəşr etməyə maraqlı deyilsən. Onların təkidi və qabağa düşməsi ilə “Uembli arayışı” adlı kitabım nəşr olundu. Eyni zamanda o vaxtki Mətbuat Şurasının sədri  Əflatun Amaşovun da ciddi dəstəyi həlledici rol oynadı. Kitab nəşr etdirməyə maraqlı olmasam da, yazmaqda  davam edirdim və çoxsaylı  səmimi oxucu zəngi ilə, rəğbəti ilə özümü ovundururdum. Dünyagörüşüm, intellektim yazmaq qabiliyyətimə müsbət təsir etsə də,amma  çətinliyim oturub yazmaq idi. Heç vaxt yazı zamanı mənbələrdən  istifadə etməmişəm. Yaddaşımda nə varsa, onlardan istifadə etmişəm.  Məqalələrimdə istər tarix, istər ad, soyadlarda yaxşı ki, səhvlər olmurdu.  Bir az tənbəl olmuşam. İmkanlarımdan geniş yararlansaydım daha çox yazıb yaradardım.

 

-Çoxsaylı jurnalist yazılarınızla bərabər, sizin jurnalistikanın dünəni, bu günü ilə bağlı puplisistik  iki kitabınız  “ Metamorfoz” və “Uembl arayışı” diqqətəlayiq əməkdir. Aktual mövzulara keçməzdən əvvəl soruşmaq istərdim ki, növbəti kitabınız gözlənilirmi?

- Günel xanım, bilsəniz nə qədər yazılarım qalıb ...  Loğman Rəşidzadənin təbiricə desək,  həmişə oxucuları aldatmışam. Necə? Məsələn puplisistik yazılar yazmışam , amma Loğman o sirri açdı ki, bütün bu yazılar hekayələrdir, esselərdir. Həqiqətən də elə olub.  Oturub günlərlə yazıçılıq edəcək, iri romanlar yazacaq zamanım olmayıb. Hazırda hekayələrdən və povestlərdən ibarət çap olunası iki, üç kitabım var. Romanım yoxdur. Bəlkə də elə povestim var ki, hardasa roman adlandırmaq olar, amma həcm məsələsinə görə tərəddüd edirəm. Məşhur şair, tərcüməçi Mahir.N. Qarayev bir yazısında qeyd etdi ki, Məzahir Əhmədoğlu on illərdir ki, dünyanın ən gözəl povestini yazır. Hətta onun  adını da yalnız mən bilirəm. Haqlı idi, hələ yazıb bitirmədiyimi dedim, amma  çoxdan bitirmişəm, üzə çıxarmıram. Səbəbi isə heç bir məsələnin məndə vaxtında alınmamasıdır. Nə vaxtsa, bu yazılarımı  Mahirə verəcəm, o, gələcəkdə nəşr etdirər, özüm etdirməyəcəm.  Problemim çoxdur, onlara vaxt ayıra bilmirəm. O səbəbdən də  yazılarım barədə geniş danışmağa imkanım da yoxdur. Bir kitablıq şeirlərim də var. Deyilənə görə, şeirlərimi də yaxşı yazmışam. Bilirəm ki, yaxşı şeirlərdir, amma onların tarixi 30-40 il əvvələ gedir. Qəzetdə, radioda zamanında şeirlərim nəşr olunub, oxunub, səslənib,  amma kitabım çıxmayıb. Ya sevdiyim yazıçının, ya da dostumun çıxardığı   kitaba sevinmişəm.  Nəhayət, o kitabı oxuyacam deyə. Məsələn, Mahir.N. Qarayevin “Sonuncu korifey” romanını iki dəfə oxumuşam. Son illər belə  kitablar az-az çıxır. Mən müstəqillik dövründə axtardığım kitabları tapa bilmədim. Kimlər ki, Sovet illərində maraqlı, oxunaqlı yazırdı, məsələn,  Anar, Əkrəm Əylisli, Elçin Əfəndiyev , Maqsud və Rüstəm İbrahimbəyovlar, Sabir Əhmədov və bu səviyyədə olan digər yazarlar.  Yenə də sonrakı dövrdə elə onlar oxunulurdu, axtarılırdı. Aqil Abbasın da “Dayı”  (“Camış bağa girdi , gəl “ ) adlı kiçik bir hekayəsi var.  Mən onu dünya nəsrinin sanballı nümunəsi kimi qiymətləndirirəm, hətta Gi De Mopassanın hekayələrinə bənzədirəm. Rəşad Məcidin “ On sentyabr” hekayəsini xatırlayırsınızmı?. Nyu Yorkdakı o müdhiş hadisə müəllif tərəfindən yüksək sənətkarlıqla qələmə alınmış  bədii mistikadır!

Sonrakı gənc istedadlı  yazarlar vardı. Günel Mövlud, Seymur Baycan, Elnur Astanbəyli . Onlar  yazmağa yaxşı başladılar, ancaq bir müddət sonra yaradıcılıq sanki dayandı.  Çünki bu “parıltı” sönməyə başladı. Çünki yaradıcılıqda  əsaslı baza lazımdı. Sevdiyim gənc yazıçılar idi, bəziləri ölkədən də getdilər. Ancaq onların əvəzində həyatındakı çoxsaylı çətinliklərə, problemlərə  rəğmən Aqşin Yenisey daha keyfiyyətli məhsul qoya bilir, öz sözünü deyir.Aqşin fəlsəfəyə yaxın peşəkar ədəbiyyatçılar kimi çalışır, elə əsərlər yazıb yaradır.

Amma heç vaxt... “Adamlar və ağaclar”, “Gün keçdi”, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” yazılmayacaq,  daha heç vaxt “ Beş qəpiklik motosikl”, “Dolça”, “Yəmən”  kimi povestlər yazılmayacaq, daha heç vaxt Əkrəm Əylislinin “ May günü”, “Ürək yaman şeydir”, “Büllür külqabı “kimi hekayələri yazılmayacaq... Sovet dövründə yazılsalar da indi də həmin əsərlərdə sovet qoxusunun olmadığını görürük. Əkrəm Əylislinin “Əylislidən Əylisəcən” puplisistik povestini oxuyanda əvvəl ürək qısılır, amma müəllif onu elə ustalıqla təsvir edir ki, heyran olmaya bilmirsən. Anarın “Sissiz” elegiyası kimi. Kim eyni səviyyədə yaza bilər ki?!  Bütün hallarda biz keçmişimizə uduzuruq.  Çünki keçmişdə ədəbiyyat və mətbuata yüksək səviyyədə, qəlbən yanaşılırdı. Bu gün mətbuat və ədəbiyyatda  “tez nəsə edim, qazanım” düşüncəsi daha hakimdir. Kapitalizm  məfkurəsi ilə xaotik şəkildə üz-üzə qaldıq. Yazmağa qalsa, yazmaq hər zaman mümkündür. Məsələn, həyatda məni özünə çəkən bir çox tipik obrazlarım  var. Yeni ədəbiyyat nümunəsi  kimi yaza bilərəm. Sovet və ilkin müstəqillik dövrlərdə satıcı, fəhlə kimi çalışıb, burnunu pencəyinin qoluna silənlər indi isə göydə gəzirlər, insanlara yuxarıdan aşağı baxırlar. Savadlı, dünyagörüşlü adamların oxuyub öyrəndiklərinin, yazdıqlarının o insanlar üçün heç bir fərqi yoxdur. Digər sənət sahələrinə də eyni yanaşılır.   Musiqi sahəmiz də ucuz şoulara uduzur. Televizayalarda şou biznes proqramları adı altında  milli musiqimizə qəribə eybəcərlik, hörmətsizlik edilir.  Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun ruhundan utanmırlar.  Məyusedicidir ki, gənclər onları heç tanımaq belə istəmirlər. Televiziyalarla yanaşı, qəzetlərimiz də çətin vəziyyətə düşüb. Mətbuatımız reanimasiyadadır. Kim inanardı ki, “525-ci”, “Yeni Müsavat”, “Ədalət” kimi qəzetlər həftədə bir dəfə nəşr olunacaq. Düzdür, bunun kulis arxası səbəbləri də var. Əslində bizdə qəzet təsərrüfatı heç vaxt rentabelli olmayıb,yəni qazanc gətirə bilməyib. Həmişə dövlət büdcəsindən yararlanıb. Ancaq nə yaxşı ki, öz simasını saxlayanlar da var. “Ədəbiyyat” qəzeti fəaliyyətini artırıb. Adını çəkdiyim qəzetlər də öz simasını saxlayıb, nəşri azalsa da. “Ədalət”  çalışdığım  qəzetimdir. Orda da  həftəliyə keçəndə ritmlər pozuldu, çox çətin bir vəziyyət yarandı. Yaxşı  müəlliflərimiz vardı, uzaqlaşdı. İndi əksəriyyət  ölkədə qəzet dövrünün keçib getdiyini düşünür, hətta qəzetdə çalışanlar da belə fikirləşir. Ancaq dünya mətbuatında qəzetlər üçün dövr keçmir. Bütün oxunan qəzetlər aktiv fəaliyyətindədir, yazılı mətbuat itməyib. Türkiyədə olduğum son dövrdə elə qəzet  vardı ki, yüz min tirajla çap olunurdu, satılırdı, çatmırdı. Elə həmin gün tələbata görə qəzeti  təkrar çap edirdilər. Aparıcı qəzetlər üçün əvvəl də belə idi, indi də. Necə olur ki, bizdə zəifləyib sıradan çıxır. Ölkə səviyyəsində bu  düşünülməlidir də, bəlkə gələcəkdə bir nəticəsi olar. Ümumiyyətlə, oxucunu itirməmək üçün  ölkədə minumum 8-10 gündəlik qəzet olmalıdır.  Yəqin ki,bu işə məsul yoldaşlar  düşünüb yollar axtaracaqlar. Mətbuat Şurası tənzimləyici qurum, ictimai təşkilat kimi  böhrandan çıxış yolunu tapa  bilər. Müsbət irəliləyiş gözləyirəm. Saytlar da lazımdır, ancaq iri, sanballı puplisistik yazılar daha çox qəzetlərdə oxunur. Saytlarda, sosial mediada əsasən xəbərə,  əyləncə və macəralara üstünlük verilir.İnsanların telefon asılılığını da aradan qaldırmaq lazımdı.  Xəbər deyib ötürlər, ancaq xəbərçilik jurnalistikada böyükdür. Hər adamın işi deyil.  Məşhur reportyor , yazıçı Karel Çapekin ötən əsrdə  təkcə reportyorluq sahəsi ilə bağlı  təxminən 550 -600 səhifəlik kitabı var.  Hələ koresspondensiya, reportaj, oçerk, zarisovka... Çoxları heç bu janrları ayırd da edə bilmir. Heç tələb də olunmur, bu da yaxşı hal deyil. Əslində bu janrlar üzrə yazı müsabiqələri keçirilməlidir. Məsələn, oçerk niyə elə sovet dövründə yazılmalı idi ki, elə indi də yazıla bilər. Məsələn, mənim bir çox hekayələrim, həmçinin “Kəndin bəyaz yuxuları” elə oçerkdir. Hər bir janr üzrə obyektiv müsabiqələr keçirilərsə, bir növ peşəkarlığa xidmət olar. Mənim jurnalistika fakultəsində hörmət elədiyim bəzi imzaların zaman-zaman çox zəif yazılar da yazdığının şahidi oluram, ya da məcburiyyətdən layiq olmayan adam haqqında zəif yazı yazılır. Həmin adamların yaradıcılığını araşdıranda pinti, trafaret cızma-qara  gözə dəyir. İl ərzində eyni adam haqqında 10-12 yazı yazan mətbuat işçisi var. Hətta ömür boyu bircə xəbər yazmayan müəlliflər var ki, hər nömrədə 3-4 imzası gedir. Hələ başqa biabırçılıqlar. Bir gün bütün bunların üstü açılar yəqin ki...Bütün bunlar  artıq mətbuatı gözdən salmaqdır. Mətbuatda yabançı və yalançı kəmiyyət naminə keyfiyyəti qurban vermək halları artdı.

 Ancaq bu qəzetlərin sayı və tirajı azalandan sonra reket qəzeti anlayışı çöküb. Dələduzlar var, vurnuxur, ancaq onlara çox da meydan yoxdur. İnsanlar da ayılıb. Müxtəlif idarə və təşkilatlarda  da əvvəlki kimi “alış-veriş” yoxdur. Nəticədə onlara üz tutan reket jurnalistlərə əvvəlki kimi münasibət, yəni qorxu, çəkinmə  yoxdur. Artıq maklaturalar azalır.  İndiki texniki imkanlar çərçivəsində  çayxana jurnalistləri tək-tük, yaxud formasını dəyişmiş halda üzə çıxa bilərlər.  Getdikcə reketlik tam mənada, labirintlərdə azıb çıxış yolunu tapa bilmir, amma mənim mətbuatım da öz yoluna düşə bilmir. Hələ ki, hazır deyilik.Yetişən  gənc nəsil də istəyir ki, hər şeyi tez əldə etsin. Buna görə də çətin məsələdir. Yenə də tamam ruhdan düşməyib mətbuatımızdakı vəziyyəti tənəzzül deyil, böhrandır deyib gələcəyə ümüdlə baxıram. Tənəzzül məhvdir, böhran isə gələcəyə doğru dəyişikliyə müəyyən  inam yaradır.

 

-Səviyyəli və intellekli oxucuya medianın, mətbuatın hər zaman ehtiyacı var. “Yetmişincilər” adlı yazınızda məhz həmin qapalı, qıfıllı dövrün aydınlanan  oxucusunu  belə qeyd edirsiz. Nə baş verdi ki,  sonrakı dövrlər, xüsusilə indiki dövr oxucusu barədə kütləvilik baxımından eyni qənaətdə deyilik.  İndiki dövr kitab və mətbuat oxucusunu necə xarakterizə edərdiniz?

-Əsas səbəb o vaxtı kitaba, mətbuata meyilliyin kütləvi olması idi.  İnsanlar kitabxanalara daha çox üz tuturdu. Üç nəfərdən birinin əlində kitab vardı.İndi hansı qəzet köşkünün qarşısında adam olar? Ola bilər, saqqız, dənə-dənə siqaret, lotereya almaq üçün. “Bakı” və “Baku”  axşam  qəzetlərini xatırlayıram, axşamüstü  saat  17:00-dən sonra köşklərə verilirdi.  Metronun o vaxtkı “Baksovet” stansiyası yaxınlığında   qəzet köşkü vardı. Orda insanlar saat beşin yarısından növbəyə dururdu, yüzə yaxın insan qəzet gözləyirdi. Qəzet ucuz idi, oxucusu da çox idi. Kitabxanalar da dolu olurdu. Mənim  günüm M.F.Axundov adına Azərbaycan Milli kitabxanasında  keçirdi. Hətta Vaqif Cəbrayılzadənin köməkliyi ilə kitabxanada oxucunun kütləvi buraxılmadığı yerlərə daxil olurdum. Yetmişinci illər oxucu triumfu dövrü  idi. Hətta oxucu öz dünyagörüşü, intellekti, baxışları ilə az qala  yazıçıları, jurnalistləri  üstələyirdi. Oxucudan güclü tələb vardı deyə, müəlliflər də daha yaxşı yazmaq məcburiyyətində idi. Sonra bu proses zəiflədi, çünki  Rusiya Sovet Sosialist Respublikası miqyasında nəsə baş verəcəyi hiss olunurdu.  Zamanla baş verən ərzaq qıtlığı , ideologiya məsələlərində çaşqınlıq  kütləviliyi azaltdı.Bu proses getdikcə sonrakı illərə də təsir elədi. 90-cu illərdə ciddi oxucu və yaxşı yazıçı  eksponant kimi qaldı.Həyatın qaynarlığından çıxdı. Kitabxanalar və oxucu azaldıqca, kitabxanaçılar da yalançı anketlər düzəltdi. Halbuki  zamanında oxucunu  çatdırıb qeyd edə bilmirdilər. Mətbuat və ədəbiyyat generalları həmişə bunun nisgili ilə yaşadılar.Bir əsgər kimi, bu acınacaqlı hal mənə pis təsir elədi. Çünki mətbuat güclü ideoloji rupordur, hər cəhətdən insanın bilgilənməsinə, maariflənməsinə, informasiya ilə təminatına xidmət edir.Ədəbiyyat isə insanı ucaldan, mənəvi yetkinləməsinə, ruhlanmasına xidmət edir.  Günümüzdə müxtəlif sosial şəbəkə və media daha çox operativ məlumatlanmağa xidmət etsə də , ancaq xidməti daha  çox əyləncə,kriminal və macəradır. Ciddi oxucu, dünyagörüşlü şəxs isə daha çox mütaliə etməli, araşdırmalıdır. Yalnız ədəbiyyatı deyil, fəlsəfəni, tarixi, coğrafiyanı,siyasəti  də bilməlidir ki, dünyada gedən prosesləri dərindən anlaya bilsin. Məsələn, Konfutsi kimi böyük filosoflar bütün zamanlar üçün keçərli fəlsəfəni diqtə edir. Oxumayandan sonra bunları necə bilərsən, 20-ci əsr məşhur Avropa və Amerika memarlarını necə tanıyarsan? Amerikada 20-ci əsrdə yaşayan o dövrün memarlıq tarixinin ən tanınmış üzvü, yazıçı, müəllim, memar  Frank Lloyd Rayt hazırladığı 1141 layihədən 532 -si inşa edilib. Onu oxumadan necə tanımaq olar?  20-ci əsrdə memarlıqda konstruktivizmi yaradan Le Korbuzyeni də o, Amerikaya aparıb.

-Özünü  “Fiqlyar” obrazında ( özünü təlxək yerinə qoyma, məzhəkəçi,şut) təqdim edən çoxsaylı peşə adamlarını,  xüsusilə reket jurnalistləri  eyni adlı yazınızda hədəf almısız. Onları buna məcbur edən nədir: xarakter yoxsa qazanc amacı?

              - 10-15 il əvvələ qədər  fiqlyar adlandırdığım zümrə indi azalıb. Onlar münbit yeri axtarıb tapır. Amma təlxəklik üçün indi imkanlar azalıb. Cəmiyyət formalaşır, hüquqi dövlət yaranır deyə əvvəlki fiqlyarlığın, yaltaqlığın  işi keçə bilməz. Ancaq qərbdə güclü paparatsiya var. O da bunların bacaracağı iş deyil. Paparatsiya jurnalistika ilə cəsurluğun, həm də kəşfiyyatçılığın, cəsusluğun sintezidir. Hər adamın işi deyil. Onlar “obyekti” ən yeni üsullarla  izləyib, güdüb ortalığa çıxarır, böyük qalmaqal və sensassiya yarada bilirlər. Bəzən də əldə etdikləri “yaradıcılıqları” ilə  bazarlıq edirlər. Bizimkilərdə o bacarıq yoxdur. İllər öncə məşhur Ledi Diana faciəsi də  buna bir nümunədir.

 

-Əvəzində ölkədə  təhsilsiz belə özünü  bloqer və jurnalist kimi təqdim edənlərin  sayı artır.  “Məscidin qapısı”, “Vəlvələ”,  “Pressa-press”, “Post skriptum”,”Peşəkarlığın imperiyası”, “Peşə oğruları”,”İmla qonaqlığı”  adlı puplisitik yazılarınızda  qeyri peşəkarların jurnalistikaya müxtəlif yollarla üz tutmasını  tənqid edirsiz. Avtomobildən mikravatobusa qədər “press” yazılı  lövhəsinə rast gəlirik. Arvad-uşaqlı, qarpız- yemişli . İndi də reketlərin əvəzində tiktok jurnalistləri artıb. Media Reyestrindən bunlar necə keçir, nəzarət niyə yoxdur?

          

-Mən belə yazılarımda daha çox yumor və sarkazmdan  istifadə edirəm. Bəli , indi  tiktok, sosial şəbəkə  jurnalistləri artıb. Onlar da kiminsə sifarişi ilə çox vaxt “tənqid” edirlər. Baxırsan ki, dünən şəhərdə təmizlik işinə baxan sıravi fəhlə bu gün özünü cəmiyyətə “jurnalist” kimi qələmə verir. Hətta peşəkar jurnalistə yuxarıdan aşağı baxır, “səndən yaxşı yazaram” deyir. İndi yazmaq da onlar üçün rahatlaşıb. Faktları  süni intellekt proqramlarına ötürürlər və yazını yazdırırlar. Mənim yazılarımı süni intellekt yaza bilmir, yoxlamışıq. (gülür)

 Əvvəl reketlik fəaliyyəti ilə tanınanlar indi keçib sosial şəbəkə üzərindən bloqer, tiktoker fəaliyyətinə. Başqa işlə məşğul olmur, texniki işlərin rahatlığı və “asan qazanc “ səbəbindən jurnalistikanı hədəf seçir. Digər heç bir sahədə görünməmiş sərsəm və ironik “demokratiya” bu sahədə mövcuddur.   

-Sizə görə hazırkı ölkə mətbuatının ən böyük probemləri nədir? Janr məhdudluğu, araşdırma, qərəzsizlik, müstəqillik ... Peşəkarlığa nələr mane olur?

-Peşəkarlığa əslində heç nə maneə olmur. Çox vaxt jurnalistika ilə məşğul olan şəxs özünü inkişaf etdirmir, çətinliyə salmır, bir çox peşəkar jurnalistika janrlarında yaza bilmir. Əksinə yazıb öz qələmini göstərə bilər. Çoxusu buna getmir, əsas problem də budur.  Peşəkarlardan çoxu bu zəifliyi, acizliyi görüb vaxtından əvvəl jurnalistikadan uzaqlaşdılar. Yarımçıq jurnalistikaya dözə bilməyib başqa sahə ilə məşğul oldular. Bizneslə məşğul olub uğur qazandılar. Hətta mənə də zamanında təklif edildi. Baxdım ki, mənim işim deyil.Həmişə öz adımı qorumağa çalışmışam. Əgər pensiya az alıramsa ƏƏSMF-nın sosial təminat şöbəsi məsuldur ki, pensiyaçıya az təqaüd verir. Əvvəl mənə baxıb həsəd aparan adam indi üç min manat pensiya alır, mən isə  beş yüz manat pensiya.  Yaşlaşdıqca ehtiyaclar artır, müalicə xərcləri artır və əziyyət çəkirsən. Ona görə bəzi jurnalistlər  əziyyət çəkməsin deyə, vaxtında uzaqlaşdılar bu sahədən. Bu sahədə güclü qazanc, maaş da yoxdur. Mən isə bu sahədən çəkilmədim. Bəlkə də getsəydim başqa sahələrdə onlardan da yaxşı bacarardım.  Qısası ömür boyu jurnalistikada çalışdımsa da layiq olduğuma çata bilmədim, dövlət nə veribsə odur.

 

 

 

 

-“Peşəkarlığın İmperiyası” yazınızda bir məmur dilindən peşəkar tənqidçi, onların dili ilə ifadə etsək “müxalif” jurnalistlərin sayının çoxalmasını belə reketçilərdən daha çox sərf  etdiyini qeyd edirsiz. Ancaq etiraf edək ki, indi əsl tənqidi  mətbuat da  öləziyib.. Siz bunu necə qiymətləndirir və mətbuatın gələcəyi ilə bağlı fikirləriniz necədir?

             - Günel xanım, Siz on- on beş il əvvəl yazdığım o sərt məqalələrin təsirindən çıxa bilmirsiniz deyəsən. Ancaq əlacım da yoxdur, nə soruşsanız müəyyən təkrarçılıq da olsa cavab verməliyəm. İndiyə qədər məni Sizin kimi sıxışdıran da olmayıb heç. Nə isə.

  Tənqidi jurnalistika vaxtında yaxşı inkişaf edirdi, ölkə xeyrinə idi. "Azadlıq", "Yeni Müsavat", "Reytinq", "Ədalət" qəzeti və digərlərində sağlam tənqid gedirdi. Sonradan bu cür tənqidi yazılar öz tənqidçilik çərçivəsindən kənara  çıxdı. Keçdi şəxsi münasibətlərə, sifarişli tənqidlərə və digər mənfi məqsədlərə. Odur ki, bir müddət çaşqınlıq yarandı. Bizim "Ədalət”də də məsləhətləşərək bir sıra yersiz  tənqidləri yığışdırdıq . Tənqid yenə saytlarda, qəzetlərdə var. Vaxtilə qəzetlərdə tənqid ayrı - ayrı müəlliflərin simasında gedirdi. Baxmayaraq ki, "Azadlıq "vaxtilə ölkənin ən sevimli qəzetlərindən biri  olub, ancaq onda da tənqid ayrı-ayrı müəlliflərin simasında təhqir səviyyəsində verildi. Amma haqlı yazıları da olurdu. Azadlığı, demokratiyanı əldə əsas edərək  bəzi təhqirli yazılarla tənqidi “səhv” saldılar. Jurnalistlərin cəzalandırılması məsələsi ortalığa çıxdı və o cür qəzet məcburiyyətdən bağlandı.

 

“Heç bilmədim o uşağın əli haçan qopub düşdü əlimdən, o uşağın üzü haçan itib batdı üzümdə”,- deyən Ramiz Rövşən ən sevdiyiniz şairlərdəndir. Həm də dostunuz. Yaradıcı adamlara da ömür qısa, həyat çətin təsir bağışlayır? Alnınızın qırışında basdırdığınız uşaqlığa, gəncliyə geri dönüş etmək keçir könüldən?

- Mən keçmişimlə yaşayan adamam, gələcək barədə  heç nə  düşünmürəm. Gələcək müammadır. İnsanlar gələcək barədə planlı danışır, mən isə keçmişimlə yaşayıram. Uşaqlıq, gənclik illərimi alnımın qırışında fiziki basdırmışam, amma yaddaşımda yaşayır, diridir. Bütün nüansları, mənfi və müsbət tərəfləri ilə. Həyatda o qədər səhvlərim olub ki!  Əlli il öncəki səhvimə belə, indi də öyüd-nəsihət verirəm. Xatırlayıram, kinoya evdən icazə vermirdilər, qonşudan butulka oğurlayıb satıb puluna kinoya gedərdik. Xatirələrim yaşayır, bir anı da yaddan çıxan deyil. Hər gün həyatda olmayan dostlarımı xatırlayıram, əsl dostlarımı da xatırlayıram. Dostluğa xəyanət  edənləri də yaddan çıxarmıram. Düşündüyüm adamlar qəlbimdə yaşayır.

 

- Dost demişkən, yazılarınızı oxuduqca həm də etibarlı, güvənli və intellektual dostlarınızın olduğunu görürük. Aktyor və yazıçı Şahmar Hüseynov , inşaatçı mühəndis Ağa Hüseynov,  ədəbi  tənqidçi Nadir Cabbarlı, yazar Əkrəm Əylisli, şair Ramiz Rövşən, Vaqif Odər Bayatlı, şair, tərcüməçi Mahir Qarayev , aktyor Fəxrəddin Manafov  və digər tanınmış şəxslər. Bunları sizlə dost edən və onlarda dost olaraq dəyər verdiyiniz ən ali dəyərlər nə idi? Bu müqəddəs bağ indiki dostluqlarınızda davam edirmi yoxsa ürəyiniz kimi çat verən dostlarınız çox oldu?

 

-Çat verən dostlarım çox olub.  Məndə ən  çox dost anlayışı yazıçı, tənqidçi Nadir Cabbarovla bağlıdır. O,  möcüzə şəxsiyyət, qeyri- adi bir adam idi. Vaxtsız,  bu dünyadan tez getdi. “Onlar...Sonbahar vurğunu” publisistik yazımı ona həsr etmişəm. Davamlı əlaqə saxladığım dostum isə Fəxrəddin Manafovdur. Onda mənə qarşı bir müsbət  jest var ki,  həmişə çaşıb qalıram. Məndən ona zəng gedəndə, "alo" , "buyurun", "kimdir" demir, elə bir başa "can Məzahir" deyir. Beş - altı dəqiqəlik telefon üzərindən olan davamlı  ünsiyyətimiz illərin doğmalığını hər zaman qoruyub saxlayır. Həmçinin dost adını Ramiz Rövşən simasında deyə bilərəm. Məndən beş yaş böyükdür, özümə qardaş hesab eləmişəm. Ramiz Rövşən, Vaqif Cəbrayılzadə təkcə sevilən şair kimi yox, həm də şəxsiyyət kimi, dost kimi həyatımda mühüm rol oynayıblar. Söhbət təkcə  poeziyadan getmir, şəxsiyyət də önəmlidir. Ramiz Rövşən şəxsiyyətini qoruyan, yüksəkdə saxlayan ədəbiyyat adamıdır. Böyük azərbaycanlıdır, həm də bu günün və gələcəyin şairdir. Onun bir çox şeirləri var ki, çox adam oxumayıb, ən məşhur şeirlərini oxuyub, bilirlər.  Ramiz Rövşən gələcəkdə daha çox şöhrət qazanacaq. Dekabr ayının 15-də  onun 80 illik yubileyi olacaq. Düşünürəm ki,  yubileyi yüksək səviyyədə  keçiriləcək. Ramiz Rövşəni sevənlər, şeirinin pərəstişkarları yaxşı ki çoxdur. Məhz buna görə Azərbaycan poeziyası ayaq üstədir. Müasir kassiklərimizdən 20 - ci əsrin sonu, 21- ci əsrin əvvəlində Məmməd Araz, Əli Kərim, Vaqif Bayatlı, Vaqif Vəkilov olan məqamda nə yaxşı ki, Ramiz Rövşən də var. Bu zəngin poeziya  həm də oxucu dünyagörüşünə, zövqünə xitab edir. Əsas şərt də oxucu zövqünün formalaşmasıdır. Bu zövqü formalaşdıran, ona yüksək töhvə verən də xalqın sevimlisi olmalıdır.

- "Uludağ Əfsanəsi" yazınızda maraqlı bir hissə diqqətimi çəkdi. Dağla bağlı yaşadığınız sarstından 14 il keçir və siz dostlarınız Vaqif Cəbyalızadə, Vidadi Məmmədov, Natiq Səfərovla birlikdə Cəbrayıl rayonuna  toya gedirsiz. Kamil Vəliyev sizi toydan öncə qədim dəyirmana aparır və orada axşamçağı Əbülfəz Elçibəyin xahişi ilə Xudafərinə yaxınlaşırsız. Bəyin dumduru baxışları, gözəl, dadlı söhbətləri sizi heyran edir və bir anlıq qeybə çəkilirsiz... Bəylə də həyatda tanış olmusuz və onunla etdiyiniz şirin, maraqlı söhbətlərini indi xatırlayırsızmı?

- Biz  oxuyan vaxtı jurnalistika  şərqşünaslıq və hüquq fakultəsi ilə bir binada Akademiyanın yaxınlığında, xalq təsərrüfatı binası ilə üzbəüz yerləşirdi. Hər gün Əbülfəz  Elçibəylə rastlaşırdıq. Dostlarım ilə də yaxın idi. Adlarını çəkmək istəmədiyim bəzi dostlarımızla müəyyən yerlər vardı, görüşüb müzakirələrimiz olurdu. O, mənim müəllimim olmayıb, amma şəxsimə yüksək hörmətlə yanaşırdı. Hətta bir dəfə yaşımla bağlı Məmməd Arazın kitabını mükafat kimi də verdi. "Azərbaycanın gələcəyi uğrunda  ən mübariz  döyüşçülərdən biri Məzahir Əhmədova”  avtobioqrafik imzası da vardı. Vaqif Cəbrayılzadə ilə mən  Əbülfəz Elçibəyi Vətənini sevən, onun  azadlığı uğrunda canını fəda verməyə hazır olan, cənub və şimal mövzusunu açıq danışa bilən tarixi  şəxsiyyət kimi yüksək qiymətləndirsək də, ancaq tamam başqa ideoloji xətt üzrə hərəkət edirdik. Biz daha çox turançılıq fikrini dəstəkləyir və bu istiqamətdə tərəfdaşlarımızla iş aparırdıq. Biz  bu ideologiya ilə bütün türk dünyası birləşəcək və gücümüz, nəhayət artacaq deyə fikirləşirdik. Onda hələ  SSSR-dən çıxmaq söhbəti yox idi. Biz müstəqil ölkə olandan sonra hətta cənubla birləşəcək və türk dünyası qurulacaq deyə düşünürdük.

 

-Xalq şairi Rəsul Rzanı yəqin ki, çox görərdiniz. Çünki bir zamanlar Sizin rəhbərlik etdiyiniz Əli Kərim poeziya  klubunun fəxri sədri o idi. Rəsul Rzanı necə xatırlayırsız?

-  Xalq şairi Rəsul Rza olduqca təmkinli, sakit adam idi. Səhhətindəki şəkər  xəstəliyi də bir az onu üzürdü, hiss olunurdu. Göyçaya gələndə məni  yanına çağırırdı . Gedirdim, bəzi tapşırıqları olurdu, onlarla məşğul olurdum. Onun burda dostları, qohumları vardı. Rəhmətlik Qulu müəllimlə, Mirkərim həkimlə çox yaxın olublar. Əli Kərimin doğum və anım günlərimdə də gəlirdi.  Adam toplayıb tədbir keçirirdik. Xəstə adam qızmar günəşin altında  elə çıxış edirdi ki, mən üşüyürdüm. Təsirli çıxış edirdi. 1980- ci il idi,  mərkəzi komitə səviyyəsində Rəsul Rza ölkədə bir neçə rayonun iqtisadiyyatı haqqında səfər təəssüratı yazsın deyə sifariş  verildi.  Üç nömrədə onun yazıları getdi. Bu yazı bütün Azərbaycan mətbuatına master klass idi. Tanıdığımız böyük  jurnalistlər, qələm adamları  ona heyran qaldı. Hələ də o həyəcanı xatırlayıram.

      

 

 -Son dövrlərin intihar, qətl kimi zorakı xəbərləri  cəmiyyətdə ciddi rezonans doğurmadan adi statistikaya çevrilməkdədir.  "İndi oxuyarsanmı", “Ata qatilləri” adlı yazılarınız da var. Əvvəllər aristokrat intiharlar, qətllər  ictimai rəy doğururdursa, indi adi insanların intihar, məişət zəminində qətl xəbəri günlərlə tirajlanır, ondan reytinq yığılır. Sizcə artan bu tip  xəbərlər (həm də cəmiyyətdə aqressiyaya, davranış pozuntusuna, eyni halın təkararlanmasına  səbəb olmur , yəni) peşə etikası pozulmur?

-Hər bir cəmiyyətdə qətl, intihar halları mümkündür. Ancaq bu hallar ya davamlı hal alır, ya gec hallarda baş verir. Sovet dövründə də olurdu, ancaq bilinmirdi. Məşhur adamlar bunu edəndə  məcbur qalıb deyilirdi, yayımlanırdı. Gənclərimiz Türkiyə və Avropa təsirilə sanki dəyişdi. Müharibədən, pandemiyadan sonrakı dövrdə insanlar çox sosial- iqtisadi,psixioloji əziyyət çəkdi. Müstəqillik illərində cavan uşaqların intiharı artdı. Bunun anotomiyasını öyrənməyə çalışdım. Bir çox  hallarda binalardan özünü atanların intiharı banal səbəbdən, bəzən də  şöhrətpərəstlikdən baş verdiyi də məlum oldu. Cəmiyyət  də  bu cür hallara laqeyddir. Bu tip hadisələrin artması siqnaldır.  Səbəbləri Azərbaycanda ağsaqqallıq inistutunun itməsi, sağlam mentalitetin zədələnməsidir. Həmçinin  övlad yanında valideynlərin fiziki,psixoloji, iqtisadi şiddəti, yəni məişət zorakılığı, zərərli vərdişlərə aludəçilik də təsir etdi.

 

 

 

 

-Jurnalist daim müxtəlif insanlarla işləyir.Hər kəs fərqli xarakter və psixolgiyadadır. “Vampyrum” adlı yazınızda da iki növ enerji oğruları olan insanlardan ehtiyyat etdiyinizi qeyd edirsiz. Aqressiv vampirlər və sakit vampirlər,yəni neqativlər. Həyatınızda daha çox hansılarla qarşılaşmısız?Hələ də  “fenozepam” müdafiə məqsədli atılır ?

-Bu yazıda əsas məqsədim enerji oğrularını ifadə etmək idi. Əvvəllər də bu cür insanlar olub, amma son dövrlər daha çox yayılıb. Gördüm ki, mümkün deyil. Məsələn, iş yoldaşındır, yaxşılıq edirsən, o sənə başqa cür yanaşır. Bu tip adamlarla davamlı  rastlaşanda  asan olmadığını anladım. Hətta o yazımda Ramiz Rövşəndən də bir parça şeir sitat gətirdim. Günümüzdə də bu cür insanlar var, onlardan yayınmaq olmur.  Hələ ki, bizim  ölkədə  belə insanlar çox olacaq.  “Fenozepam”ı isə  yuxusuzluq adı ilə əsəb sakitləşdirici dərman kimi qəbul edirdim. İndi də hərdən “fenozepin”i  qəbul edirəm, amma indi  əvvəlki kimi insanlarla çox ünsiyyətdə olmuram. Çünki insanları saf -çürük etdim. Məni də saf çürük edənlər, eynilə məndən də qaçanlar olub. İnsanlar dünyaya pis yaxud yaxşı insan kimi gəlmir. Zamanla insan yetişir. Bəzi məsələləri çıxmaq şərti ilə öz xarakter, dünyagörüşümə və istedad və qələmimə arxayınam. Qəbul edilməsə də bilirəm ki, düz etmişəm. Nədənsə qazanmayıb, amma qəlbimdə rahatlıq tapıramsa o mənə sərf edir. O adlar, mükafatlardan daha çox qəlbinin, vicdanının rahat olmasıdır. Özünü səndən yüksək tutandan çox-çox yüksəkdəsən. Çünki bir cümləni anlaya bilmir, səni bəyənməsə nə olacaq ki?! ( gülür)

 

 

 

 

 

 

-Xatirələrinizin yaddaşı dərindir .Baksovet ölkəsi,Həbibin uzunşüllə çayxanası,Zülfününün qala divarlarına uşaq kimi qısılan kafesi. Vətən adlandırdığınız bu məkanlarda gedən ədəbi mübahisələr, dostlar  ,yoldaşlıq ülfətilə,əqidə sirdaşlığı ilə sakit,pıçıltılı antisovet söhbətləri üçün darıxırsız?

 

-  Çox darıxıram, çox.  İndi həmin məkanların görkəmi çox dəyişib.Keçmiş Baksovet metrostansiyasının İçərişəhər adlanan hissəsi pramidalara oxşadılıb, amma yerinə düşməyib. Bağ da dəyişib, çayxana da yoxdur, amma onları yaddaşımdan silə bilmirəm. İndi həmin yerlərdən keçəndə görməyim deyə üzümü çevirirəm. Yaddaşımda yenə o yerləri, o xatirələri yaşada bilirəm. İçərişəhər silki bir başqa silk idi. Ağazəki fenomeni. Narkotik və ləngərli yeriş, şapqa, amma ordan Vasif Babayev, Arif Babayev və başqa gözəl sənətkarlar da çıxıb... Rəhmətlik Vidadi Məmmədovla, Natiq Səfərovla keçən günləri heç vaxt unutmaram. Göyçayımın  da keçmişi ilə yaşayıram. Xeyli səyahət və dostluqlar həm də mənə formalaşmaq  üçün  material verib. Bu qədər əzablarımın, zərbələrimin, mənə edilən xəyanətlərin fonunda  həyatımdan narazı deyiləm. O qədər gözəl günlərim olub ki. Bir epizod deyim. 80- ci illərin ortaları idi. Oğuz rayonunda dostum vardı. Bakıdan küsüb  ora getmişdi.  Gedən kimi, ona kənd sovetinin sədri vəzifəsini verdilər. Milliyətcə ləzgi idi, amma mənə demişdi ki , anam ləzgidir atam türkdür.  Bakıda, Göyçayda görüşürdük. Bir gün məni darıxma tutdu, tanış şəxsi götürüb Oğuza getdim. Kəndin  o vaxtkı adı  Kirovka idi. İdarəsinin qarşısına gəldik.  Gəlişimiz barədə ona xəbər verilsə də kimliyimiz deyilmədi. Xidməti  maşını gəlib məndən yüz metr aralı dayandı. Düşdü, baxıb gördü ki, mənəm. Diz çöküb əlini qaldırdı göyə. Duruxdum bu mənzərəyə.Yüyürərək gəlib qucaqlaşdıq. Gördüm ağlayır və "Allahıma  sənin gəlişin münasibətilə dua edirdim,  bu dəqiqə dünyanın ən xoşbəxt adamıyam”... deməsi məni də kövrəltdi. Bir gün onlarda  qonaq da qaldım.  Həyatımda belə səmimi dostluqlar, görüşlər, məqamlar olub.  Vaqif Cəbrayılzadə, rəhmətlik  Nadir Cabbarovla, Ramiz Rövşənlə, Fəxrəddin Manofovla adi, amma həyati, gözəl günlərimizi xatırlayıram. Hələ də dostluqda  davam edənlər var.

 

-Pıçıltılı antisovet söhbətləri demişkən, zaman-zaman  həbs təhlükəsi yaşayan jurnalistlər olur. Hətta öldürülən də. Türkiyə ilə bağlı xatirə yazılarınızın birində 1975- ci il 4 yanvar günü xatırlanır. Pantürkist mövqeyinizə görə dörd dost  ( siz, Vaqif Bayatlı, bəstəkar Rüstəm Rüstəmzadə, adını bildirmədiyiniz o şəxs) olaraq siz də bu “həbs təhlükəsi”ndən keçmisiz. İndi o günləri necə xatırlayırsınız?

- Məhz pıçıltılı sovet dövründə bu Turançılıq söhbətlərinə, müzakirələrinə və yayılmasına görə də dörd nəfər olaraq həbs olunduq. 1975 - ci ilin yanvarın dördündə.  Demə, o qızğın, gizlin müzakirələrdə izimizə bir ermənini salıb izlədirmişlər. Səslərimiz yazılırmış. Hətta, bu məsələ ölkə rəhbərliyinə qədər gedib çıxdı. O vaxt Bakı şəhər KKB-nin rəhbəri rus idi, adını unutdum. Bizi saxlayan adamın soyadı Abdullayev  idi. Tapança ilə bizi  şəhərin mərkəzində  saxlayıb idarəyə gətirdi.  Biz orda iki gün saxlanıldıqdan  sonra  buraxıldıq. Araşdırılsaydı, hətta  antisovet təbliğatına görə  Vətənə xəyanətə qədər ağır maddə verilərdi.  Güman edirik ki, hadisə ölkə rəhbərliyinə məruzə edilib. O bizdən də böyük Turançı imiş ki, haqqımızda "Gəncdirlər, dedi- qodu söhbətlərdir"  deyərək  buraxdırıldıq. Vaqiflə mən o gizlin xilaskarımızın kim olduğunu da dəqiqləşdirdik. Bizi həbsdən xilas edən o dahi şəxsiyyət bir dəfə dilçiliklə bağlı konfransda Vaqifə “yaşıl köynək oğlan bir az sakit ol, məni səni yaxşı tanıyıram” demişdi.  Günümüzdə türk dövlətləri arasında  dostluq edən də əsas bizim ölkədir.Müstəqilliyimizin ilk illərində  Qırğızıstanın prezidenti Ermənistana gedərək "Soyqırım" abidəsinə əklil qoymuşdu. İndi Türkiyə Cümhuriyyəti başda olmaqla bütün türk dövlətləri dostluq edir, qaynayıb qarışır. Ölkəmizdə də bu istiqamətdə iş gedir. Türk ölkələrinin rəhbərləri Azərbaycana tez-tez  gəlir, işgüzar əlaqələr qurulur. İlham Əliyev türk ölkələrində səfərlərdə olaraq dostluq və işgüzar əlaqələri qurur, yaradır. Biz əlli il öncə indiki  əlaqələrin qurulması üçün çalışırdıq. Həmin ideyalarla məşğul olurduq. O vaxtı bizə düşmən kimi baxırdılar. Bu gün isə dostluq, qardaşlıq əlaqələrinin mövcudluğu o günləri mənə gülərək xatırladır. Düzdür, son günlər  gərginlik yaşanır, ümüd edirəm ki, aradan qalxacaq. Zamanla Amerika, Avropa ölkələrinin də  arasında  gərginlik olur. Xalqla xalq arasında maraqların toqquşmasına, süni ajiotaj, çaşqınlıq, gərginlik  yaradılmasına xidmət edən qüvvələr olur. Ancaq ölkə rəhbərliyi səviyyəsində, məsələn İlham Əliyevlə Ərdoğan arasında bu mümkün deyil. Həmişə beynəlxalq səviyyədə bir - birinə dayaq olublar. Geriyə dönüş yoxdur, irəliyədir. Zamanla Rusiya ilə də münasibətlər qaydasına  düşəcək. Unutmayaq ki, Azərbaycan xalqını qəbullamayan ermənilər, daha çox isə farslar olub.

Gözəl ölkəmiz var. Əsas odur, daha da inkişaf etsin, daha çox türkdilli ölkələrlə, xalqlarla birləşib böyük işlər görülsün. Nə yaxşı ki, yaşayıb bu günləri gördüm, yoxsa o vaxtı az qala daşqalaq edərdilər.

 

-"Dahi xilaskarlar" yazınızda milli və dünya klassik musiqisindən və bu sahədə tanınan məşhur və bəşəri dahi bəstəkarlardan bəhs etmisiz. Üzeyir Hacıbəyov, Cüzeppe Verdi, Frans Şubert, İohann Ştraus, Robert Şuman (yazı da ona həsr olunur) haqqında yazır, musiqi sahəsindəki bəşəriliyi, xidməti yüksək dəyərləndirirsiz. İndi efirləri zəbt edən bayağı musiqi  düşüncələrə, inkişafa təsir edirmi? Nəyə görə KİV belə ucuz musiqilərin yayğınlaşmasında ciddi rol oynadı?

 

 

-Düşünmək belə istəmirəm, əsəbiləşirəm. Niyə televiziyalar bunu edir, nədən gözəl, zəngin musiqini qoyub bayağıya keçdilər. Bu xalqın gözəl musiqi yaradıcılığı , ənənələri var idi axı. İnkubator cücələri kimi buraxıblar efirə. İstedadsız, amma pulu olan bu cür insanların efirlərə, mədəniyyətə soxulması deqradasiya yaratdı. Bir çox sahələrdə, musiqidə, bəstəkarlıqda bayağılıq baş alıb gedir. Bəstəkarlar İttifaqının sədri Firəngiz xanımı yaxşı tanıyıram.  Bir sədr kimi müdaxilə edə bilər, yəqin ki, ya müdaxilə edilir alınmır, ya da təsir etmək olmur. Heç nəyə layiq olmayan  adamları indi hər sahədə görmək olur. Kimin nəyə layiqliyi çatmırsa, ora can atır. Müxtəlif yollarla o ada, o şöhrətə, o vəzifəyə, medala can atır, nail olur da. Əndrabadi bir vəziyyət yaranıb. Bu da gəncliyə pis nümunə olur, pis vərdiş yaradır.  Bəlkə zamanla dəyişə, gerçəklər üzə çıxar deyə ümüd edirik. Onu da zaman göstərəcək.

 

 

 

-Və  sizin puplisistik yazılarda özünəməxsus yanaşma tərzi, bir neçə janr və yaxud mövzunun yığcam yazıda əhatlənməsi, hadisələrin maraqlı keçiş xətti var. Hətta çox yazılarınızda kütləvi oxucunun anlamayacağı sözlər işlədilir.Bəzən bu sözlər məzmunca yazının açarı olur. Bu üsul onları araşdırmağa, maarifləndirməyə təhrik üsuludurmu?

 

 Bu  belədir, ədəbiyyatda da var, yazıçı yaxud şairdə də var. Məsələn, Ramiz Rövşənin elə   dərin, fəlsəfi misraları var ki, oxucunu cəlb edir. Oxucu bəzən onu dərk edə bilmir, getdikcə oxuyaraq dərk edir, anlayır. Əsl  jurnalistin də, puplisistin  də əsas missiyası oxucuda yüksək zövq, dünyagörüş formalaşdırmalı və öz səviyyəsinə çatdırmalıdır. Mən əvvəldən jurnalistikada  sıravi olmaq istəməmişəm. Peşəkarlıq  üçün də çox oxumaq, çox bilmək və yaxşı yazmaq istedadı  gərəkir. Yazıya başlayanda bütün enerjimi yazıya qoyuram və başlıqdan nəticəyə doğru öncədən düşünüb yazıram. Sözü azaltmaq üçün, fikri geniş şəkildə deyil, konkret abzaslar, tezis, termin şəklində  verirəm. Uzunçuluq edib oxucunu yormaq istəmirəm.

 

-"Psittakiformes" yazısında  imzası və dəsti xətti ilə seçilən peşəkar jurnalistlərin üslubunun özünküləşdirilməsi məsələsinə toxunursuz. Sizin və digər tanınan qələm sahiblərinin üslubunu  yamsılayanlar olubmu?

 

 -Bəli, məni də, digər özünəməxsus üslublu jurnalistləri yamsılamaq istəyənlər olub, amma bacarmayıblar. Baza olmayandan sonra alınmayacaq. Uzaqbaşı təkrarçılıq ediləcək, yenə də alınmayacaq. Rosinant görkəmləri üzə çıxır, axı bu istedadın sahibi deyillər. İstedad sənin deyilsə alınan deyil. Təvazökarlıq ifadəsindən xoşum gəlmir. Bu sözün bətnində  nəsə bir qeyri səmimilik, eqoizm də yaşayır deyə. Odur ki, bunları qeyd edirəm. "Reallığın etirafı" nda  demokratiyanın verdiyi hüquqlardan sui-istifadə edib jurnalistikanın anasını ağladanlardan, belə gedirsə xeyli müddət öz miskin amplualarında qalanlardan yazmışam. Nəticədə  zövqlər korlanır,insanlar yorulur və kağızlar heyf olur. Peşəkar jurnalistika hamıya lazımdır, onların yanına cılız adamları,  istedadsızları qoşub xahişlə, adamla "ucaltmaq" faktı var, bax, bu adamı incidir, sənətə ləkədir.

 

-O illərin ən təmiz ,ən şərəfli ,ən müqəddəs fakultəsi olan jurnalistika məbədimiz bizlərdən həmişə  narahatdır. "Yuxu" adlı yazınızda keçir bu misralar.  Ardınca Vaqif Bayatlı Odərin belə bir fikrini əlavə edirsiz ki, " neyləyək ki,indi  dəlləklər gəzir karetalarda"...fakultəyə özünüzü hələ də borclu sayırsız?

- Bəli, hələ də mənə doğmadır, fərqlidir jurnalistika fakultəmiz. Bizim dövrdə jurnalistika, hüquq və şərqşünaslıq fakültələrinin dərsləri bir yerdə keçilirdi. Bizim dekanlığımız isə əvvəlki Yefim Saratov, indiki Rəsul Rza küçəsində ikimərtəbəli sarı bina idi. Hamı oxuyurdu, müəllimlərə də yüksək dəyər vardı. Mənim də müəllimlərlə dostluğum, yoldaşlığım olurdu.  Etiraf edim ki, dərsə az gedirdim. Jurnalistika fakultəsini bizə o vaxt Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Famil Mehdi, Tofiq Rüstəmov, Nəsir Əhmədli, Cahangir Məmmədli, Akif Rüstəmov ədəbiyyatdan  Hökumə xanım, Bəxtiyar Vahabzadə kimi böyük müəllimlər sevdirib. Fakültədə mübahisə etdiyim müəllimlər də olub. Məntiq, siyasi- iqtisad fənn müəllimi ilə "siz düz hərəkət etmirsiz" deyib kəskin mübahisə etmişəm. Fakultədə Südabə xanım  vardı, lobarant idi. Məni görən kimi "mənim  balam gəldi", - deyib qucaqlayıb bağrına basırdı. Dar, şəraitsiz o fakultə mənə hər halı ilə doğma idi. Sonuncu dəfə fakültə ilə əlaqəm  kitabım ilə bağlı oldu. Tələblərdən biri diplom müdafiəsi kimi siyahıdan kitabımı götürübmüş və müdafiə zamanı da dəvət edildim.  Bütün müəllimlər tanıdı, amma Şirməmməd müəllim xatırlaya bilmədi. Əvvələr tez-tez gedirdim, güman ki, sonradan  gec-gec getdiyim üçün xatırlaya bilmədi.  Cahangir   müəllimlə çox görüşmüşəm. Hazırda fakultə ilə ortabab belə əlaqəm yoxdur, amma o fakültədəki inteligensiyanı, auranı həmişə xoş xatirə olaraq anıram.

-Ən yaxşı yüngülləşmə üsulu məqsədə çatmaqdır.  Həyatda məqsədə çatmaq üçün “Gözəlliyi uydurmaq” lazımdır?

 

     -  Gözəliyi həmişə, xüsusilə yaradıcı adamların uydurması vacibdir. Cəmiyyətin inkişafına təkan vermək üçün xüsusi vasitələr  var. Bu gözəlliyi puplisistik  yazılar, filmlər, tamaşalar, musiqi, rəssamlıq, heykəltəraşlıq və digər sənət sahələri ilə uydurmaq olar.  Xüsusilə bədii şəkildə, yəni olduğundan artıq uydurmaq olar. İnsanlar meyillənsin, onlarda  motivasiya yaransın. Kənd təsərrüfatında , digər peşələrdə də olsa belə ümüdli, inamlı yazılarla kəndlini, fermeri, sənətkarı o işə cəlb etmək, motivasiya yaratmaq lazımdır ki, o da yarada bilsin, ruhdan düşməsin. Yəni, yaxşı mənada bu gözəlliyi uydurmaq bütün sahələrdə əmək vərdişlərinin yaranmasına, dəyərləndirilməsinə səbəb olar.

 

 -Bəzən təsadüfən bu fakultəni seçənlər olur. Jurnalisitika təsadüfləri sevir? Yoxsa istedad və təcrübə mütləqdir?

- İstedad jurnalistə mütləq lazımdır. Çünki bəzən jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirənlər mətbuatda imzasını tanıtdıra bilmədi. Elm, nəzəriyyə öyrənmək ayrı, onu tətbiq etmək başqadır.  Fakültəyə balla təsadüfi düşənlər var ki, heç xəbər mətni belə yaza bilmir. Qabiliyyət imtahanına salınan  esse bacarığı da bunu tam göstərmir. İndi çoxuna süni intellekt proqramları yardımçıdır. Yaza bilmədikləri mətnləri onların vasitəsilə həll edirlər, amma bu heç vaxt sənin sahib olacağın istedad demək deyil. İstedad həm də mütaliəyə bağlıdır. Daha çox mütaliə lazımdır. Hər gün mütaliə etməsəm, rahat olmuram. Bəzən mütaliəyə yeni kitab  tapmasam, təkrar oxuduğumu mütaliə edirəm. Elə yazılarım var ki, həmin yazını yazdığıma inana bilmirəm. Sonra xatırlayıram ki, mən Məzahir Əhmədoğluyam. (gülür)

-Gənc jurnalist və yazarlardan daimi izlədiyiniz, yazı üslubunu bəyəndiyiniz var? Sizin peşəkar kimi bu ixtisası seçən və seçmək istəyənlərə nə məsləhətləriniz olar?

-Jurnalist ixtisasını seçmək istəyənlər özünü hazır biləndən sonra seçim etsinlər. Əvvəlcə təcrübə keçsinlər. İnşa, esseden getmir söhbət. Bir faktı götürüb yazaraq qələmi sınasınlar. Xəbər, daha sonra korrespondensiya yazsınlar. Səmimi deyim ki, hazırda elə bir jurnalist tanımıram ki, bu janrda tələblərə uyğun yazını tam işləyib verə bilsin. Çoxluq müsahibəyə yönəlir, amma bu janr da çətindir, asan deyil. Bu fakultə üçün yüksək dünyagörüş, müxtəlif sahələrdən  məlumatlı olmaq gərəkir. Sadəcə dildə, ixtisas olaraq gözəl səslənir deyə, yaxud aparıcı olmaq istəyirəm deyib jurnalistikaya üz tutmaq düzgün deyil. İxtisaslaşmanı da jurnalistikada önəmli hesab etmirəm. Digər ixtissas sahiblərindən kifayət qədər mütəxəssis var ki, jurnalist kimi çalışır. Məsələn  Zamin Hacı , Günel Anarqızı, Nadir Bədəlov, Xalid Kazımlı və digərləri başqa ixtisasları bitirsələr də jurnalistikada imza yarada, tanına biliblər.Bir çox   titullu jurnalistlərdən, yazarlardan üstündürlər...  

Günel Sabirqızı