Arzu  Əsəd - İctimai şüurun inkişafına deyil, onun çaşdırılmasına xidmət...

YAZARLAR 12:30 / 23.10.2026 Baxış sayı: 85

Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu. Sonra ona Salam Sarvan frazeologizm pandemiyasını da əlavə etdi.Dünya poeziyası, fəlsəfəsi, nəsri ələk-fələk olundu, eşələndi, içindən ən yaxşı, ən gözəl, ən effektiv metaforalar, bədii ifadələr seçilib başqa-başqa kontekstlərdə yaradıcı enerjinin hərarəti ilə poeziyamızın içində duyğu və düşüncələrə qaynaq edildi.

Məsələn, tutaq ki, hamımızın əzbər bildiyi kəsilmiş ağaca müraciətən deyilən "sən yıxılan ucalıqlar duracaq" ifadəsi Cek Londonun Amerikanın Tayqasında ağackəsənlərin həyatından bəhs edən bir nəsr əsərindəki bir cümlənin şeirə çevrilən variantıdır. Hər bir ağıllı, bəsirətli oxucu anlayar ki, insan taleyinə işarə ilə ağaca deyilən "sən yıxılan ucalıqlar duracaq" ifadəsi məhz Tayqa meşəliklərində nəhəng, uca ağacların kəsildiyi ortamlarda yarana bilər. Azərbaycan iqlimində, coğrafiyasında, hər hansı bir "başı kəsik gözəl kötük" özünün ağac şəklində ucalıqlarından çox, barlı-bəhərliliyi, geniş kölgəliliyi yaşadır.

Bu ifadənin orijinalı Cek Londondadırsa, onu doğuran həqiqi yaşantı, həqiqi hiss də ordadır. Bu şeirdə isə yalnız cansız estetik bir gözəllik imitasiyası qala bilər və biz də neçə onilliklərdir ki, daha çox bu imitasiyalarla ədəbi-fəlsəfi düşüncələrimizi bəzəyirik. Əlbəttə, buna mənimsəmə də demək olar, bəhrələnmə də və sairə. Qeyd edim ki, Ramiz Rövşəni bir istedadlı, gözəl şair kimi çox sevirəm, bu kiçik qeydin də onun dəyərli yaradıcılığına hansısa bir zərər toxunduracağını düşünmürəm. Amma ictimai şüurun inkişafı naminə görünən tənqidi tərəfləri də demək lazımdır.

Məhz Ramiz Rövşənin şeiri "metaforalar yığını"na çevirməsi təcrübəsindən sonra ölkədə şeir yaradıcılığı başlandı yaşanmış insan hissləri üzərində yox, effektiv, təəccübləndirən, "parlaq" metaforalar üzərində qurulmağa. Beləliklə, müasir Azərbaycan poeziyası hisslərin ifadəsindən daha çox metaforalar, frazeologizmlər yığınına çevrildi və bu getdikcə bir meyara döndü. Bu yarış getdikcə sürətləndi, xarici ədəbiyyatın sərhədləri bəhrələnmə adı ilə daha çox zorlandı, metafora və frazeologizmlər başgicəlləndirici tapmacaya, rebusa, krassvorda, düşüncə düsturlarına çevrilməyə başladı.

Bu gün isə tamamilə ədəbi dildən, danışıq dilindən, normal məntiqdən uzaqlaşan bir şeir dili, metadil anlayışı formalaşmaqdadır. Əlbəttə, poeziyanın dili metaforik olmalıdır. Amma metafora məqsəddir, yoxsa vasitə? Təqdim olunan metaforalar mətndə şairin özünün hisslərinin ifadəsi, məhsulu kimi üzə çıxır, yoxsa sadəcə hissiz, duyğusuz söz oyunlarıdır? Bəla burasındadır ki, həmin effektiv metaforalar yaratmaq istəyi indi də ictimai-fəlsəfi şüura transfer edilir. Hər hansı bir çağdaş dünya filosofunun üzdə olan, dəbdə olan müəyyən effektiv fikri götürülür, həmin filosofun özünün ümumi təliminə zidd olacaq dərəcədə ifrata vardırılır, onun əsasında müəyyən marginal qrupların bəyənisinə hesablanan mətn yaradılır və bu mətn də ölkənin ən ağrılı problemlərinə çarə kimi təqdim edilir. Qaynaq metaforik ifadələr, yamaq fikirlər, plagiat düşüncələr mexaniki şəkildə ictimai şüura tətbiq edilir.

Bu isə ictimai şüurun inkişafına deyil, onun çaşdırılmasına xidmət edir. Beləliklə, ictimai düşüncəmizi təmizləmək, durultmaq, lazımi hədəflərə istiqamətləndirmək adına qarşısında duran əsas məsələlərdən biri də onun özünün müxtəlif laylarında toplanan metaforikliyin, metafora yığınının nə dərəcədə ictimai varlığımızın özündən, öz yaşam və təcrübələrindən doğduğunu araşdırmaq problemidir.