Şahverən Cavad - Torpağında məzar yerim üşüyür
Torpaqda ölmək üçün can atan dalğayam mən,
Külək kimi üstündə
əsim-əsim əsirəm.
Soyumdan bütöv gəlib ruhumun xəritəsi,
Vətəni parçalanmış günahsız müqəssirəm.
Ay vətən !
Nəsillər qaynaq-qaynaq- dəmirağacı kimi,
Çiyin-çiynə dağlarıq-qalalara olduq tən.
Əbədi evimizdir sinəndəki məzarlar,
İlk vətən-ana bətni,son ünvan-Ana vətən,
Ay vətən !
Uğrunda o şəhidlik növbəsinə duran da-
Bir ana arzusunun açılmamış qönçəsi .
Damarlarında şəhid qanı axan al çəmən-
Nakam köçən əsgərin bir gəlinlik xonçası,
Ay vətən !
Sən anamın çaldığı ilk müqəddəs laylamsan-
Ömürlərin bitməyən saf bərəkət beşiyi .
Tanrının qismətitək qəlbimdə gəzdirdiyim
torpağında beş arşın məzar yerim üşüyür,
Ay vətən !
23 . 10 . 2026