Fariz Süleymanoğlunun  ŞEİRLƏRİ

Ədəbiyyat 20:30 / 06.09.2026 Baxış sayı: 1140

 

 

UZAĞA

 

Küsüb bülbül, qonub indi

Həmin budaqdan uzağa.

Qorxuram ki, səsləyərəm,

Uçar bu bağdan uzağa.

 

Bir gün qanad açıb gedər,

Yeni yuva seçib gedər,

Gül balalar uçub gedər,

Doğma ocaqdan uzağa.

 

Ruha hüzur - qida verdi,

Yanar qəlbə nida verdi

Harayladım, səda verdi,

Düşdüm o dağdan uzağa.

 

Arif boşa qaşıq salmaz,

Düz yolu dolaşıq salmaz.

Bilir dibə işıq salmaz,

Durar çıraqdan uzağa.

 

Tələ-tordu dörd yanları,

Qaynayır dəli qanları,

Uşaqları, cavanları

Çəkək tuzaqdan uzağa.

 

Pərvanətək odu sevər,

Yaxsa da, tək odu sevər.

Əsl aşiq odu sevər

Yarı uzaqdan-uzağa.

 

Bilsən nələr çəkib baxır,

Susub boynun büküb baxır,

Nəmli gözlün dikib baxır,

Qərib, bayaqdan uzağa.

 

APARA

 

Bu səhər dupduru, gur yağış yağa,

Bir hüzur ələnə şəhərə, dağa,

Bütün qəm-qüssəni suyunda boğa,

Qatıb qabağına yuyub apara.

 

Doya susuz qalan haralar ki, var,

Yüz rəngə boyana qaralar ki, var.

Ürəkdə nə qədər yaralar ki, var,

Bu yağış qazıya, oyub apara.

 

Yağa, çəkə gözəl iz pəncərəyə,

Dinləyək söykəyib üz pəncərəyə,

Toplayaq dərd-səri düz pəncərəyə,

Asta tıqqıldadıb, döyüb apara.

 

Yağa, selə dönə, daş ala gedə,

Gedər-gəlməzlərə baş ala gedə.

Bir dərin məcraya boşala gedə.

Bütün qayğıları soyub apara.

 

Ardınca səpsərin bir külək əsə,

Yarpaqlar rəqs edə nəfəs-nəfəsə

Sərçələr sevinclə verə səs-səsə,

Duyğumu ünvana duyub apara.

 

Və sonra qırmızı bir günəş doğa,

Təbəssüm eyləyə təbiət-doğa,

Gülüb, qığıldaya südəmər çağa,

Babası da, "hay can!" – deyib apara.

 

Bütün simalarda rifah sezilə,

Sevinc gözyaşları üzdən süzülə,

Arzular misraya, bəndə düzülə

Ürəklər nəğməmi yayıb apara.

 

 

YUXUDA

Kəndə gələ bilməməyimə sitəm edən əziz Atama

 

Həsrətin çəkirəm şən dövranımın,

O ötən qayğısız hər bir anımın.

Baş qoydum dizinə Əjdəkanımın,

Hönkürüb dərdimi böldüm yuxuda!

 

Gülməli göründü dözəmmədiyim,

Misraya düzüldü düzəmmədiyim.

Həyatda bir neçə çözəmmədiyim

Hikməti anladım, bildim yuxuda!

 

Bilmədim gerçəkdi, ya xəyal etdim?

Köçən əzizlərlə hal-əhval etdim,

Çərxi anlamağa çox sual etdim,

Bu cür neçə dəfə “öldüm” yuxuda?!

 

Şirin anılarda qalan birinin,

Zamansız saralan, solan birinin,

Kövrələn, iç çəkən, dolan birinin

Yaşlı gözlərini sildim yuxuda!

 

Bu çərxə, yazıya, fələyə güldüm,

Qurduğu tələyə, kələyə güldüm,

Bağrımı çatladan hər şeyə güldüm,

Bir gecə doyunca güldüm yuxuda!

 

O doğma həyəti, yolları qucdum,

Evi, ağacları, kolları qucdum,

Sardım boynunuza qolları, qucdum,

Mən gəldim, ya Ata, gəldim yuxuda!

 

ÇƏKİR

“Oturub ağlasam, dəli deyərlər,

Oturum kədərli bir şeir yazım”.

Rüstəm Behrudi

Ovçulardan xəbərsiz qaz

Öz sürüsün gölə çəkir.

Bülbülüysə eşqi bu yaz

Bir tikanlı gülə çəkir.

 

Çözür Tanrı hesabını,

Duyur günah-səvabını.

İnsan dünya əzabını

Başdan gələ-gələ çəkir.

 

Hey gizlədir göz şehini,

Qasid edir sübh mehini.

Kimi dərddən təsbehini,

Kimi elə-belə çəkir.

 

“Bu yüksələn son ağıdı”,

“İnsan dünya qonağıdı”,

“Dərdlər Tanrı sınağıdı” –

Deyən məzlum çilə çəkir.

 

Paylaşacaq mərd son unu,

Xeyir görək mərd sonunu!

Çoxu bilməz dərd sonunu,

Kimi bilə-bilə çəkir.

 

Zəncir vurub qolumuza,

Keçir sağı-solumuza,

Məlun İblis yolumuza

Hər gün yeni tələ çəkir.

 

Yağdırıb saça qarını,

Endirib duman torunu.

Fələk gözümün nurunu

Tutub gilə-gilə çəkir.

 

“Gəl özünü şəm eyləmə”,

“Həyatını kəm eyləmə”,

“Bu da keçər, qəm eyləmə” –

Dostlar məni dilə çəkir.

 

Bir yuxunun izindəyəm,

Gördüm, nəsə hüzndəyəm.

Mən anamın dizindəyəm,

Atam sığal telə çəkir.

 

Susur, çəkir bir ah, deyir,

“Tək Allaha pənah!” – deyir,

Hər dərdə, “Eyvallah!” – deyir,

Qərib gülə-gülə çəkir.