Bəhram Bilaloğlu - Üçrəngli bayraq...

YAZARLAR 13:45 / 22.08.2026 Baxış sayı: 2231

Üçrəngli bayraq sadəcə küləyin qoynunda dalğalanan bir parça deyil. O, bir xalqın yaddaşı, arzusu, mübarizəsi və gələcəyə uzanan ümididir. Bayraq zirvədə dalğalandıqca insan öz dövlətini, öz torpağını, öz kimliyini xatırlayır. Onun enməməsi yalnız bayrağın ucalıqda qalması deyil, milli ruhun, istiqlal düşüncəsinin və dövlətçilik əzminin yaşaması deməkdir.

Dövlətin böyüklüyü yalnız sərhədlərinin genişliyi, ordusunun gücü və sərvətlərinin çoxluğu ilə ölçülmür. Dövlətin əsl böyüklüyü öz xalqına münasibətində görünür. Xalqına ehtiram edən dövlət onun səsini eşidər, dərdinə şərik olar, haqqını qoruyar. Çünki dövlət xalqdan ucalır, xalqın iradəsi və əməyi ilə möhkəmlənir.

Dövləti yaradan da xalqdır, onu yaşadan da. Daşına daş, divarına divar, gələcəyinə ümid qoyan xalq öz yaratdığı dövlətin sərvətində və nemətində haqq sahibidir. Sərvət yalnız yerin altında olan neft, qaz, qızıl deyil. Xalqın dili, tarixi, mədəniyyəti, torpağı, mənəviyyatı da böyük sərvətdir. Bu sərvət qorunanda xalqın gələcəyi də qorunur.

Xalqın yaşamaq haqqı yalnız nəfəs almaq deyil; ləyaqətlə, ədalətlə, firavanlıqla yaşamaqdır. İnsan öz ölkəsində özünü yad kimi hiss etməməli, dövlətin sərvətində öz əməyinin və haqqının payını görməlidir. Çünki dövlət xalq üçün varsa, onun sərvəti də xalqın rifahına xidmət etməlidir.

Üçrəngli bayraq zirvələrdə dalğalanırsa, deməli, bir xalqın arzuları hələ də yaşayır. O bayrağın kölgəsində xalq öz dövlətini, dövlət isə öz xalqını qorumalıdır. Bayrağın ucalığı dövlətin ucalığıdırsa, dövlətin ucalığı da xalqına verdiyi dəyərlə ölçülür.

Bayraq enməsin, xalqın ümidləri sönməsin, dövlət xalqından güc alsın, xalq da dövlətindən əminlik tapsın. Çünki xalq varsa dövlət var, dövlət varsa bayraq var; bayraq ucaldıqca isə millətin adı tarix qarşısında daha böyük hərflərlə yazılır.