SÜLEYMAN ABDULLA - DÖRDLÜKLƏR
Kimsə ağlayırdı... Qol saatında,
Kimsə vaxta baxıb gülümsəyirdi.
Bir eşq ağrıyırdı ürək çatında,
Bir sevgi zamana boyun əyirdi.
***
Bir az kədərlidir ömrün son çağı,
Getmir xəyalımdan o el, o oba.
Olur ki, üşüyür ata ocağı,
Son kibrit nəm çəkir, buzlayır soba.
***
Çatı üşüyürdü donmuş şüşənin
Soyuqlar düşməyə ərinməmişdi.
Sınmaq ehtimalı çoxdur düşənin,
Divarda cəng atan hava nəmişdi.
***
Hər yan bələnmişdi narın ağ qara,
Bu evdən o yana qurtarırdı kənd.
Qalmışdı "qarının borcu" bahara,
Vaxtın qışındaydı martda aynabənd.
***
Başını qatırdı hərəsi bir cür,
Sanki məhbəs idi səki boyu tor.
Yolu qaytarmağın vaxtı bir ömür,
Uddu sarısını yaşıl işıqfor.
***
Çoxdan doğrulara qoyulmuşdu quş,
Odla oynamağı sevirdi naşı.
Yalançı adamın mənzili yoxmuş,
Yox idi yanmağa torpağı, daşı.