Şakir Xanhüseyinli - ÜRƏYİNDƏN YARA ALMA
ürəyindən vurul, amma
ürəyindən yara alma...
ürəyi olmayanın da
ürəyinə yara olma...
əzizim, ürək yarası
hər yaraya bənzəməz ki...
bir seç, ət-daş elə görüm,
ürək adicə bir söz ki?
biri yıxılan anında
öncə ürəyini tutur;
qapılır bir həyəcana,
zənn edir ürəyi tutub...
hərdən bir yaxına sözün:
sanırdım ki, ürəyin var...
görən, necə var olurlar,
ilahi, ürəyi yoxlar...
əgər gizlətsən süfrədə,
suyunu, ya çörəyini;
deyəcəklər: vay, filankəs
daş eləyib ürəyini...
sinəni qabart irəli,
əllərini ver qabağa.
elə et ki, yan-yörənə
qalmayasan baxa-baxa...
nəyin yoxluğunu çəksən,
onun varlığıyla varsan...
gördüm piyadalığını;
nə xəyallara süvarsan!
bir könül qapısı döymək
diri tutmaqdı ruhunu...
olur ki, ən sərt buzların
ürəkdə açılır donu...
bir nəğməylə sığallanır,
oxşanır bir söz ilə, hə;
suya gedəni də çoxdu,
qəlbin, daşa dönəni də!